|

İran, rus, Avropa və bir sıra Azərbaycan
dilçi və tarixçilərinin yazdıqlarına görə, şimallı-cənublu
Azərbaycan ərazilərində türk tayfaları bizim eranın
əvvəllərindən görünməyə başlamış, Azərbaycan xalqı və
onun dili XI əsrdə səlcuqların, XIII əsrdə monqolların
Cənubi Qafqaza gəlişi ilə təşəkkül tapmış, Azərbaycan
dili XVI-XVIII əsrlərə qədər Anadolu türklərinin dilindən
fərqlənməmişdir. Bu fikrin arxasında qeyri-elmi və qərəzli
bir konsepsiya durur. Başqa neytral münasibətdə alimlərin
Azərbaycan xalqının tarixinə son dərəcə səthi yanaşdıqlarını
göstərir. Hər iki hal Azərbaycan dilinin mənşəyini təhrif
edir, Azərbaycan xalqının, Azərbaycan dili və dövlətçiliyi
tarixinin düzgün öyrənilməsi işinə əngəl törədir. Xalqın
başının çörək və Qarabağ dərdi ilə qarışıq olduğundan
istifadə edən bə’zi qələm sahibləri onun şanlı tarixini
başqasının adına yazır, dilini kökündən qoparıb “qafqazdilli”,
“irandilli” deyə boğazına yabançı dil soxmağa, onu gəlmə
bir xalq kimi təqdim etməyə, ruhdan və gözdən salmağa
çalışır. Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız
yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına,
etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturalar
əsasında “müəyyən” edilməsinə səbəb olur.
Tarixi həqiqətin təhrifi bəşərin elmi şəkildə müəyyən
edilmiş inkişaf yolunun təhrifindən başlayır. Uydurma
konsepsiyaya görə, türklərin ilkin beşiyi Mərkəzi Asiya
olmuş, türklər Altayda doğulmuş, Altayda artıb-çoxalmış,
Avropa ərazilərinə, Cənubi Qafqaza və Ön Asiyaya oradan
yayılmışlar. Bütün yanlış müddəalar buradan başlayır.
Bu konsepsiyanın tərəfdarları hindavropalıların və sami
tayfalarının yaşıdı olan türkləri cavanlaşdırmaq, “gənc
xalqlar” sırasına daxil etmək üçün dəridən-qabıqdan
çıxırlar. Guya türklərin tarixi hunlardan başlayır -
hunlardan o tərəfə “türk” anlayışı yoxdur və s.
Arxeoloji və tarixi materiallar ulu dilin (ilk bəşər
dilinin) harada meydana çıxdığını, dil ailələrinə harada
təcrid olunduğunu, ilkin miqrasiyaların nə zaman və
haradan başladığını öyrənmək üçün əsaslı material verdiyi
halda, tarixçilərin yönü başqa səmtə düşmüşdür. Arxeoloji
mədəniyyət çoxdan sübut etmişdir ki, bəşər sivilizasiyası
və ümumiyyətlə hər şey, o cümlədən müasir insan tipinin
əsas əlaməti olan dilin təşəkkülü, dialekt parçalanmaları
və ilkin miqrasiyalar buradan - Ön Asiyadan başlamışdır.
Başqa cür desək, bəşərin inkişaf yolu ilkin miqrasiyaların
yönünün Şərqdən Qərbə deyil, Qərbdən Şərqə olduğunu,
kimmerlərin, sakların, skiflərin, hunların Qərbə hərəkətinin
onların neçə min il sonrakı geri miqrasiyası olduğunu
göstərir.
Keçən onilliklərdə ən mühüm problem e.ə.III-I minilliklərdə
Ön Asiyada türk varlığının sübutu olmuşdur. Bütöv və
aydın mətnlər əldə edilməsə də, mixi yazılarda mühafizə
olunmuş külli miqdarda etnonim, toponim və antroponimlərin
təhlili Azərbaycan aborigenlərinin türkdilli olduğunu
sübut etmişdir.
Hələ keçən əsrin 70-80-ci illərində
O.Süleymenov, T.Hacıyev, A.Məmmədov və başqaları tarixi
aspektdə şumer-türk leksik araşdırmaları aparmaqla elmi
ictimaiyyət arasında Azərbaycan türk dilinin qədimliyinə
böyük maraq yaratdılar. Şərq tarixinin öyrənilməsində
böyük xidmətləri olan Y.B.Yusifov sonrakı dövrlərdə
bütün müqavimətləri qıraraq böyük cəsarətlə Azərbaycan
türk tarixinin həqiqi mənzərəsini yaratdı. (“Azərbaycan
tarixi”,1994) Onun yaradıcılığı e.ə.III minilliyin əvvəlindən
- Aratta dövründən bu yana ölkəmizin ərazilərində türk
etnoslarının, türk dövlətçiliyinin, türk tayfa dillərinin
tarixi rolunu aşkara çıxarmaq baxımından zəngin elmi-nəzəri
bilik verir. Qədim Şərq dillərinə yaxşı bələd olan Y.B.Yusifov
Azərbaycan xalqının tarixini saxtalaşdıran konsepsiyanın
güclü mühafizəçilərindən çəkinmədən uzun axtarışlar
prosesində xalqımızın tarixi inkişaf yolunu düzgün işıqlandıran
və akademik “Azərbaycan tarixi”nin (1998) uydurma konsepsiyasını
əvvəlcədən uçurub-dağıdan həqiqi elmi tarix yaratdı.
Bu tarix öz gerçəkliyi ilə oxucuda vətənpərvərlik duyğuları
yaradır, xalqa onun keçmişini sevdirir. Təqribən eyni
vaxtda eyni duyğu və düşüncələrlə meydana çıxan Q.Ə.Qeybullayev
etimoloji araşdırmalarının zənginliyi ilə
|
Y.B.Yusifovun aşkara çıxardığı elmi
həqiqəti tam mə’nası ilə faktlaşdırmış oldu. Q.Ə.Qeybullayev
lullubi, kuti, turukki, kassi, Manna, Mada, kimmer,
skif, sak, alban, Atropatena xüsusi adlarının (etnonim,
toponim və antroponimlərin) böyük bir qismini bir lay
şəklində mənşə araşdırmalarına cəlb edərək türk dilinin
Ön Asiyadakı qədimliyini görmək istəməyənləri əsaslı
faktlar qarşısında qoydu. İlk dəfə olaraq Q.Ə.Qeybullayev
e.ə.III-II minilliklərdə və daha qədim dövrlərdə Azərbaycan
ərazilərində məskunlaşmış türk tayfalarının, demək olar
ki, hamısının Orta və Mərkəzi Asiyada sonrakı minilliklərdə
yaşamış eyniadlı bölümlərini müəyyənləşdirməklə ilkin
miqrasiyaların yolunu praktik şəkildə aydınlaşdırdı
və Xəzərin şərqindən Çin hüdudlarına qədər məskunlaşaraq
Mərkəzi Asiyada artıb-çoxalan, böyük Hun imperatorluğu
tərkibində Ön Asiyaya dönən türk tayfalarının ilkin
vətəninin Ön Asiya olduğunu yeni fakt və dəlillərlə
təsdiq etmiş oldu. Doğrudur, Q.Ə.Qeybullayev özü bu
nəticəyə gəlməmişdi, lakin onun məhsuldar yaradıcılığı
bizə belə bir nəticəyə gəlmək üçün əsaslar verdi.
Tarixçilərin dolaşdırdığı digər mühüm
problem madalıların (midiyalıların) kimliyi məsələsidir.
E.ə.IX əsrin 30-cu illərindən tarix səhnəsinə çıxan
madalılar və Mada dövləti bu yerlərdə azı 100 il sonra
görünməyə başlayan və Madanın mərkəzdən uzaq ətraf əyalətlərində
dolaşan irandilli tayfaların adına çıxılır, əzəmətli
Mada dövləti elmi xəyanətlə İran dövləti kimi təqdim
edilir. “Tarix” yazanların bu cür mövqeyi dilimizin
və xalqımızın mənşəyini daha dərin girdaba salır. Azərbaycanın
aborigen tayfalarının - kutilər, lullular, sular, turukkilər,
kaslar, kaspilər, mağlar, utilər, mannalılar, madalılar,
albanlar və b-nın, sakların, skiflərin, kimmerlərin
mənşəyi qəsdən dolaşdırılır, ümumxalq Azərbaycan dilinin,
şifahi və yazılı ədəbi dilimizin təşəkkül tarixi qəsdən
geri çəkilir, azəri dili anlayışı düşmən mövqeyindən
izah edilir, Anadolu və azəri dillərinin müqayisəyə
gəlməz tarixi və təkamül yolu eyni ölçülü sayılır.
Fikirlərimiz bir sıra məsələlərin həllində Y.B.Yusifov,
Q.Ə.Qeybullayev,T.İ.Hacıyev və b.-nın fikirləri ilə
üst-üstə düşür. Onların əsərlərindən, xüsusilə Q.Ə.Qeybullayevin
etimoloji araşdırmalarından tənqidi şəkildə daha çox
faydalanmışıq. Məqsədimiz e’tinasızlıqdan az qala üzərini
kül basmış bu ocağın üzərindəki külü üfürüb altındakı
odu oxuculara göstərmək və öz fikirlərimizi bu odun
işığında izah etmək olmuşdur. Azərbaycan xalqının, Azərbaycan
dilinin mənşəyini düzgün araşdırıb ortaya çıxarmaq işini
özləri üçün həqiqi vətəndaşlıq borcu sayan bir sıra
başqa alimlərimizin - Z.Bünyadov, Ə.Dəmirçizadə, S.Əliyarov,
T.Məmmədov, K.Əliyev, E.Əlibəyzadə, Z.Həsənov, V.Həbiboğlu,
Ç.Qaraşarlı və b.-nın axtarışları, bir sıra ziddiyyətli
mülahizələrinə baxmayaraq, fikirlərimizə dayaq olub.
Qeyd etdiyimiz alimlərin əsərlərində problemin qoyuluşu
birtərəfli olduğu üçün sona çatdırılmır - türk dilinin
tarixi onun inkişafının müəyyən kəsiyində araşdırılır,
neçə min illik ilkin mərhələ nəzərə alınmır. Bizə qədərki
mərhələdə Ön Asiyada türklərin tarixi zəngin faktlar
əsasında Şumerə çatdırılmışdır. Şumerin içərilərinə
girməyə lazımi şəkildə cəsarət etməmişlər. Çünki keçən
onilliklərdə şumer və türk yaşıdlığının sübutunun özü
dahiyanə xidmət idi. Artıq onların böyük xidməti ilə
hasil olan materiallar şumer-türk mənşə birliyini ortaya
qoymaq üçün əsaslar verdi. Bunu bu vaxta qədərki leksik
müqayisələrdən morfoloji və sintaktik araşdırmalara
keçilməsi nəticəsində aşkara çıxarılan sistemli türk-şumer
struktur eynilikləri sübut etdi. Bütün bunlar bizdə
türklərin hindavropalılar və samilərlə birlikdə Ön Asiyanın
ən qədim və əzəli sakinləri olduğuna şübhə yeri qoymadı.
XX əsrin 40-cı illərində prof. Ə.Dəmirçizadə “Azərbaycan
dilinin tarixi” əsərini yazdı. Professorun çapı uğursuz
olan bu kitabında uzaq səfəri Midiya xüsusi adlarına
olmuşdur. O vaxtdan keçən müddət ərzində aşkara çıxarılan
zəngin materiallar daha uzaq keçmişə üz tutmağa imkan
yaratdı. Lakin mixi yazıların çoxu hələ də öyrənilməmişdir.
Ona görə də axtarışlar davam etdirilməlidir. Hər bir
yeni əsər sonrakı üçün yol açır, onun qüsurlarının tənqidi
prosesində yeni fikirlər doğulur, yeni düşüncə əsərdəki
yeniliklərlə qanadlanır, nəticədə elm irəliləyir, həqiqət
aşkar olur. Biz də bu niyyətlə bu mürəkkəb problemləri
bir yerə toplayıb faktlardan aldığımız təəssürat əsasında
qəlbimizdən keçənləri kitaba köçürdük. Qoy vətənsevər
gənc alimlərin könlünə ilham versin, oxucuların keçmişə
nəzər yoluna işıq saçsın...
Müəllif 5.IV.2003
|