|

(Kazımov Q.Ş. Azərbaycan
dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər).
Bakı, «Təhsil», 2003, 584 s.).
Tarix və dilçilik
yavaş-yavaş ulu əcdadlarının haqqını özünə qaytarmaqdadır
(Q.Kazımov).
«Azərbaycan dilinin tarixi» adlanan
bu monoqrafiya 6 fəsildən ibarətdir. 1-ci fəsil dünya
dillərinin qohumluğu-monogenez probleminə həsr edilmişdir.
Məlumdur ki, dil ailələrinin ümumi genetik qohumluğu
problemində dilemma kimi qarşıda duran əsas məsələ «dillərin
poligenez və ya monogenez olması»dır. Poligenez nəzəriyyə
əksəriyyətin qəbul etdiyi nəzəriyyədir, lakin monogenez
probleminə şübhə ilə baxanlar da vardır. Dünya dillərinin
vahid kök üzərində yarandığını nəzərə almamağın nəticəsində
tiploji cəhətdən müxtəlif dillərdə eyni bir sözü gördükdə
həmin leksik vahidin bu və ya digər bir dildən yayılmış
olduğunu güman etmişlər. Məsələni qəlizləşdirən də budur.
Sözsüz ki, bu ikili nöqteyi-nəzər arxeoloji materiallarla
yanaşı, dil ailələrinin qohumluğunu isbat edən faktların
tədqiqi, aşkara çıxarılması yolu ilə həll oluna bilər.
Bir çox dilçi alimlər inamla, təkidlə monogenez mənşəyin
sübutuna çalışmış, lakin öz fikirlərinin sona qədər
müdafiə etməyənlər də olmuşdur. Həmin alimlərin araşdırmaları
dillərin monogenez və ya poligenez olması məsələsinin
tarixi linqvistikanın mühüm bir bölməsi kimi son dərəcə
aktual olduğunu göstərir. Etimoloji araşdırmaların genişləndirilməsi
və dərinləşdirilməsi istiqamətində gözlənilmədən dünyanın
bütün müasir dil ailələrinin vahid mənşəyini aydın şəkildə
sübüt edən inandırıcı faktlar əldə edilmişdir. Alimlər
dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni
üsulunu müəyyənləşdirməyə can atırlar. Beləliklə, bir
çox nəzəriyyələr (A.Melniçuk, V.İlliç-Svitiç və b.)
ulu dilin öyrənilməsi üçün geniş imkanlar yaradır, tədqiqatlar
dərinləşir., bu məqsədlə qrammatik və leksik formaların
müqayisəli etimoloji təhlilləri verilir, rəngarəng quruluşda
praformalar müəyyənləşdirilir. Geniş mənada Altay nəzəriyyəsinə
əsaslandığı üçün türk dilləri materiallarını müqayisəyə
cəlb etmək o qədər də mümkün olmamışdır. Q.Kazımov isə
monogenez problemini əlavə faktlar və türk dilləri materialları
ilə zənginləşdirmişdir. Əsərin ən qiymətli cəhətlərindən
biri də elə budur.
Dünya dillərinin ümumi qohumluğu ideyasının tərəfdarları
və tədqiqatçıları nostratik dilçilik nəzəriyyəsini əldə
əsas tutaraq yer üzündəki bütün dil ailələrinin qohumluğunu,
bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə,
orijinal dəlillərlə, israrla sübuta yetirmişlər.
Bəri başdan qeyd edək ki, bu əsər indiyə qədər Azərbaycan
xalqının və dilinin mənşəyinə kölgə salan hipotezanı
alt-üst edir, təhrif, dolaşıq konsepsiyalara tutarlı
zərbə vurur. Çox mühüm bir tarixi-elmi həqiqətin ucundan
tutub ulu dilimizin zirvəsinə yüksəlirik. Türkün kimliyi,
ulu dilimizin ilkin mərhələləri açılır. Bu açıqlama
dünya dillərinin qohumluğu-monogenez probleminə aydınlıq
gətirilməsi ilə başlanır. Müəllifin həqiqi tarixə söykənən
mülahizələri nəticəsində Azərbaycan ərazisinin ən qədim
insan məskəni olduğunu, ilk insanların təfəkkür və nitqinin
mərhələlər üzrə inkişaf prosesi keçirdiyini, dilin tədrici
inkişafı nəticəsində ulu dilin meydana gəldiyini öyrənirik.
«35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül
tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu
keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması
ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş
etibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin
başında duran protodilləri doğurmuşdur. Nəticədə yer
üzərində yaranmış ulu dildə təqribən e. ə. XII minillikdə
böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması,
müxtəlif dialektlərin, müasir dil ailələrinin başında
duran protodillərin yaranması prosesi sona yetmişdir
(dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar
etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan
sonrakı inkişaf prosesinin nəticəsidir» (s. 16).
Q.Kazımov tarixdən əldə etdiyi təəssürat əsasında protodillərin
yaranması dövrünü, sonradan parçalanması haqqında inamlı
nöqteyi-nəzərini bildirir. Müəllif tayfa dilləri arasında
çarpazlaşma prosesini, inkişaf nəticəsində dillər arasında
ayrılma prosesini (köksözlü, aqqlütinativ və flektiv),
həmin dillərin quruluş sistemində, lüğət tərkibində
baş verən dəyişmələrin səbəblərini aydınlaşdırır: Buna
səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin
törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi,
leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və
leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi
idi (17). Alimin inamla söylədiyi fikirlərdən biri budur
ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin
daxilində güclü dialekt kimi fərqlənmişdir. Bundan daha
mühüm başqa bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən
fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində
eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar.
Yəni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv
dillər bir protodilin törəmələridir. Bir-birinə qohum
hesab olunmayan bütün iltisaqi dillər bir protodilin
törəmələridir. Beləliklə, müəllif indiyə kimi «sübütları»
düzgün olmayan alimlərdən fərqli olaraq ulu dilin quruluş
və lüğət tərkibində gedən ümumi inkişaf prinsiplərini
– təkmilləşməni, səlisləşməni, sadələşmə və mürəkkəbləşməni
doğru olaraq nəzərə alır.
Monegenez probleminin hərtərəfli təhlili dillərin inkişafını
vahid köklə bağlayan istiqamətləri üzə çıxarır.
Əsərdə ulu dilin parçalanması səbəbləri, dillərin təcrid
olunmasının, vahid ulu dilin ilkin parçalanması üçün
təbii şəraitin yarandığı göstərilir. Ulu dil haqqında
müəllifin təsəvvürləri güclü məntiqə, ulu dilin dil
ailələrindəki izlərinə və protodillərin törəmələrinə,
budaqlarına əsaslanır. Ulu dildən dil sistemləri yayılmış,
dilin daxili kateqorial əlaqələri öz əsasını ulu dildən
almışdır. Ulu dildə protodillərin yaranması üçün kifayət
qədər əsaslı fonetik, leksik və qrammatik özəlliklər
var idi. Elə buna görə də Q.Kazımov ilk dəfə belə bir
mülahizə irəli sürür ki, tipoloji cəhətdən eyni olan
bütün dillər bir protodilin budaqlarıdır. Odur ki, tipoloji
cəhətdən eyni quruluşlu dilləri müqayisəli-tarixi metod
əsasında öyrənməklə sonra müqayisəni protodillər arasında
apararaq ulu dilə yaxınlaşmaq olar.
Müəllif bu sahədə böyük xidmətləri olan N.Andreyevin,
N.Marrın, V.Şottun, V.İlliç-Svitiçın, A.Melniçukun həmin
istiqamətdə gördüyü işləri qiymətləndirir. Bu alimlər
ulu dildən gələn leksik vahidlərin dil ailələrindəki
arxetiplərini dəqiqləşdirmiş, əsaslı və ciddi araşdırmalar
və müqayisələr aparmış, dil ailələri arasında uyğunluqları
müəyyənləşdirmişlər. Tətbiq olunan üsullar dünya dillərinin
bir kökdən, bir ulu dildən yaranması fikrinə aydınlıq
gətirir, həmin ideyanı əyaniləşdirir.
Q.Kazımovun vahid dilin qohum dillərə parçalanması və
qohum protodillərin inkişaf yolu, həmin inkişaf prosesində
söz köklərində baş verən əsaslı dəyişikliklər və s.
haqqındakı mülahizəri aydın və inandırıcıdır.
Müəllif hər bir dil ailəsininin müqayisəsinə çox həssaslıqla
yanaşmış, hər bir dil ailələrinə aid elmi ədəbiyyatı
diqqətlə nəzərdən keçirmiş və həmin ailəyə daxil olan
dillərin tədqiqi səviyyəsi ilə maraqlanmışdır. Bu monoqrafiya
dünya dillərinin bir kökdən olduğunu təsdiqləyən uğurlu
və ümumiləşdirici bir tədqiqatdır. Q.Kazımov özündən
əvvəl dünya dillərinin bir kökdən olduğunu təsdiq edən
əsərlərə də öz tənqidi münasibətini bildirmiş, lakin
gələcək araşdırmalar üçün, dillərin mənşəyinin müəyyənləşdirilməsi
üçün bu cür ümumiləşdirici əsərlərə ehtiyac yarandığını
da göstərmişdir.
Diqqətlə araşdırma aparan, hadisələri
məntiqi şəkildə əlaqələndirən Q.Kazımovun «Azərbaycan
dilinin tarixi» monoqrafiyası ulu dil haqqında tədqiqatların
gələcəyinə böyük ümidlər doğurur. Zəhmətkeş alim dünya
dillərinə məxsus saysız-hesabsız söz köklərində ulu
dilin söz köklərini görür. Lakin kitabın əsas mövzusundan
kənara çıxmamaq üçün illərdən bəri topladığı nümunələrdən
(gi (getmək, gəlmək, qaçmaq, yerimək, hərəkət etmək,
yüyürmək, yortmaq və s.) bi (boy, boy atmaq, bitmək,
bitki, böyümək, böyük, inkişaf etmək, balaca, balacalaşmaq),
ti (dil, demək, danışmaq, məlumat çatdırmaq, söz söyləmək),
qa (örtülü yer, qab, qapı, qala, qalamaq, hasar, şəhər),
ba (bağ, əlaqə, bağlamaq və s.), lu (adam, el, xalq,
ulus, ölkə və s.), ta (düz, çöl, səhra, dərə və s.),
bar, ber (vermək, yığmaq, var və s.),
|
bur (burmaq, boran və s.), si (sinə,
ürək, orta) yalnız bir neçəsinin genetik və struktur-semantik
təhlilini verə bilmişdir. Bu faktlar dünya dillərində
sözün inkişaf istiqamətlərini-struktur-semantik və genetik
inkişafını izləmək baxımından çox maraqlıdır. Bu həmçinin
bəşərin inkişaf yolunu təsəvvür etmək üçün də faydalıdır.
Müəllifin gətirdiyi türk mənşəli nümunələrin əhəmiyyəti
orasındaddır ki, o, ulu dilə məxsus olan, lakin ilkin
olaraq şumerdə təsadüf olunan sözlərin bütün Hind-Avropa
məkanında geniş işləndiyini göstərməklə onun ulu dilə
məxsus lüğət vahidlərindən olduğunu və sonralar dünya
dillərində müxtəlif izomorflarla şaxələndiyini təsdiqləmiş
olur.
Kitabın 2-ci fəsli «Protodillərin parçalanması
dövrü. Şumer dili» adlanır. Bu fəsildə müəllif protodillərin
Ön Asiyada parçalandığını, ilkin miqrasiyaların buradan
başladığını, şumerlərin qədim Azərbaycan ərazilərindən
İkiçayarasına endiyini və akkadlarla toqquşmadan sonra
bir qisminin geri qayıtdıqlarını, şumerlərin yayılma
arealını, Şumer-Aratta əlaqələrini, şumer dilinin quruluşunu,
bu dilin inkişaf mərhələlərini, fonetik, leksik, morfoloji
və sintaktik quruluşunu, şumerlərdən sonrakı dövr mənbələrini,
mixi kitabələrini, Akkad mətnlərini nəzərdən keçirərək
bütün bunlarda şumer-protoazərbaycan-türk birliyini
görür. Müəllifin özünəməxsus mühakimə və mülahizələri
ilə hörmətli oxucu və mütəxəssislər razılaşmaya da bilərlər.
Bunu o, oxucularının öz öhdəsinə buraxdığı üçün təqdir
olunmalıdır.
Məlumdur ki, Azərbaycan xalqının etnik tarixi-etnogenezi
və onun dilinin mənşəyi hələ də dəqiqləşməmiş bir problem
olaraq qalır. Etnogenez və dilimizin mənşəyi məsələsi
hazırkı dövrdə mürtəce konsepsiyanın üstün mövqeyi,
həqiqi elmi konsepsiyanın küncə qısılmış vəziyyəti ilə
son dərəcə mürəkkəbləşdirilmişdir. Xalqın etnik tarixi
yanlış və zərərli bir konsepsiya əsasında izah edilir.
Monopolizm əsl tarix və dilimizi əlimizdən alıb yadlaşdırmış-farslaşdırmışdır.
Həmin konsepsiya artıq özünün qeyri-elmiliyi, mürtəceliyi
ilə əksər tədqiqatçıların diqqətini çəkməkdədir. Çünki
həmin konsepsiya xalqa öz keçmişini, etnik mənşəyini
unutdurmaq məqsədi güdür. Q.Kazımovun da, məsələdən
obyektiv danışan digər müəlliflərin də yanaşmasında
bizə xoş təsir bağışlayan odur ki, artıq gerçəklik çoxları
tərəfindən getdikcə başa düşülməkdədir. Çünki bu məsələ
son dərəcə ciddi məsələdir. Bu proses müxtəlif konsepsiyaların
toqquşması yolu ilə yaranmış gərgin mübarizə şəraitində
meydana çıxır və əslində yuxarıdan nəzarət olmadığı,
olan nəzarət də əks qüvvələrin xeyrinə olduğu üçün bu
mübarizə indi də daha kəskin şəkildə davam etməkdədir.
Dilin və xalqın mənşəyini müəyyənləşdirmək sahəsində
bilavasitə imkanlı və ixtiyarlı qüvvələr daim mühafizəkar
mövqe tutmuş, Azərbaycan ərazilərində çox qədim dövrlərdən
köklü türk tayfalarının mövcudluğu faktlarını inkar
etməklə, türk tayfalarının Azərbaycana ilkin gəlişini
eramızın III və V əsrləri ilə bağlamış, lakin bu gəlişin
də elə bir əhəmiyyətə malik olmadığını, Azərbaycan türk
dilinin XI-XIII əsrlərdə səlcuq-oğuzların gəlişi ilə
təşəkkül tapdığını israrla sübuta çalışmışlar. Bir sıra
Azərbaycan tarixçi və dilçilərin nöqteyi-nəzərlərində
tarixi gerçəkliklər qəsdən təhrif olunur, xalqımızın,
dilimizin tarixi keçmişinə əks ideoloji baxışlar formalaşmışdır.
Bu baxımdan monoqrafiyanın 3-cü fəsl «Protoazərbaycan
dili dövrü» zidd ideoloji baxışlara cavab olaraq çox
qiymətlidir. Bu fəsildə dövlət, etnogenez və Azərbaycan
dilinin mənşəyi məsələlərinin qoyuluşu, etnik tərkib
və dil məsələləri saf-çürük edilir. Müəllifin fikrinə
görə, protoazərbaycan dili dövrü e. ə. IV minilliyin
ortalarından başlanır. Azərbaycan ərazisində yaşayan
türk tayfalarının dili yerli keyfiyyətlər qazanır, yerli
toponim, etnonim və antroponimlər yaranır, dil (tayfa
dilləri) tədricən şərqə hərəkət edən türk tayfa dillərindən
ayrılma, gələcək vahid Azərbaycan dilinin əcdadı kimi
təşəkkül tapma istiqamətində inkişaf edir (s. 193).
Q.Kazımov dünya elminin arxalandığı arxeoloji materiallara
əsaslanaraq qeyd olunan yanlış və zərərli konsepsiyalara
qarşı öz sözünü deyə bilir və göstərir ki. türklərin
ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş,
ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan
Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq
yeni əlverişli yaşayış sahələri axtarışı ilə yenidən
geriyə-öz ilkin yurdlarına dönmüşlər. Ulu dil Ön Asiya
və Aralıq dənizi həndəvərində yaranmış və burada protodilə
parçalanmışdır (s. 296).
Q.Kazımov bu fəsildə həmçinin protoazərbaycan dili dövrünün
leksikası (xüsusi adlar, toponimlər), bir sıra fonetik,
qrammatik əlamətləri, Mannanın etnik tərkibi və dil
özəllikləri (leksika, xüsusi adlar, Manna toponimləri
və antroponimləri və onların mənşəyi, fonetik və qrammatik
xüsusiyyətləri; Madanın etnik tərkibi və dilin qrammatik
əlamətləri-leksikası-xüsusi adları-toponimləri-şəxs
adları haqqında da orijinal fikirlərini söyləyə bilmişdir.
Bu hissədə gəlmə türk tayfalarının (kimmerlər, skiflər,
saklar) etnik tərkibi və dil xüsusiyyətlərinə də aydınlıq
gətirilmişdir.
Ayrı-ayrı məsələlərin təhlilində bir sistem təşkil edən
bu kitabın IV fəslində Azərbaycan dilinin əmələ gəlməsi
prosesi e.ə. IV-e V əsri sferasında araşdırır. Həmin
dövrdə Alban (Aran) dövləti yaranır, etnik tərkibi və
dili formalaşır. Alban dövlətinin ərazisi aborigen etnoslar
və onların dilləri çərçivəsində müəyyənləşir. Azərbaycan
xalqının və dilinin təşəkkülündə mühüm rol oynamış oğuz
mənşəli qədim tayfaların (qarqarlar, bolqarlar, peçeneqlər,
qıpçaqlar, xəzərlər, kəngərlər, şiraklar, şamaklar,
kerqilər, hunlar, çollar və s.) etnogenetik xüsusiyyətləri
açıqlanır. Alban yazısı, Alban dilinin leksikası (etnonim,
toponim və antroponim) və qrammatikası (sözdüzəldici
şəkilçiləri) haqqında məlum olmayan yeni biliklər verir.
Bu fəsildə atropatenallarının etnik tərkibi və dili
haqqında da məlumat verilir. Atropatena dövründə Azərbaycan
ərazisində çox mürəkkəb etnik proseslərin getdiyi, yerli
türk tayfaları ilə gəlmə türk tayfalarının konsolidasiyasının
davam etməsi göstərilir. İnamlı faktlar əsasında müəllif
xalqımızın təşəkkülündə iştirak etmiş komponentlərin
etnik mənsubiyyətini müəyyənləşdirir və azərbaycanlıların
orta əsrlərdə iranlılardan və qafqazdillilərdən dönmə
olması haqqındakı qeyri-elmi konsepsiyanın puçluğunu
üzə çıxarır. Uzumüddətli inkişaf prosesində təbii dəyişikliyə
uğramış Atropatenalların toponim, etononim və antroponimlərinin
quruluş-məna və genetik imkanları nəzərdən keçirilir.
Tədqiqatın növbəti istiqaməti erkən orta əsrlərdə Azərbaycan
xalqının və dilinin təşəkkülü məsələsinə həsr edilir.
Müəllif türkləri Azərbaycan ərazisində şumerlərin yaşıdı
sayanlardan fərqli olaraq, insandan türk qolunun Ön
Asiya torpaqlarında ayrılmışdır, fikrinə gəlir.
IV fəsildən çıxan nəticə belədir: türk tayfaları zaman
keçdikcə qaynayıb-qarışmış, Azərbaycan xalqının, müasir
Azərbaycan dilinin təşəkkülünə gətirib çıxarmışdır.
Bir sıra şivə fərqlərinə baxmayaraq, erkən orta əsrlərdə
Azərbaycanda yerli və gəlmə türk etnoslarının vahid
xalq kimi birləşməsi prosesi başa çatmışdır.
Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə Qədim Azərbaycan
dili mərhələsi sona yetir və yeni Azərbaycan dili mərhələsi
başlayır (s. 425).
Kitabın V fəslində şifahi ədəbi dilimizin təşəkkül dövrü
araşdırılır. Bu, VI-VIII əsrləri əhatə edir. İlk öncə,
VI-VIII yüzilliklərdə Azərbaycanın tarixi şəraiti-siyasi,
iqtisadi və mədəni vəziyyəti təhlil olunur. Sonra son
dərəcə kamil bir yaradıcılıq nümunəsi olan, dilimizin
bütün quruluşu barədə bütöv təssəvvür yaradan bir mənbənin
- «Kitabi-Dədə Qorqud»un - ümumxalq Azərbaycan dilinin
təşəkkül dövrünün abidəsinin yaranma tarixi, poetik-dastançılıq
ənənələri, dastanların bir sıra fonetik, leksik və morfoloji
xüsusiyyətləri, ən çox da Dədə Qorqud dilinin geniş
sintaksisi şərh olunur. İlk dəfə olaraq alim «Dədə Qorqud»un
dil materialı əsasında Azərbaycan dili sintaksisinin
bütün əsas struktur modellərini nəzərdən keçmirmişdir.
Monoqrafiyanın sonuncu - VI fəsli yazılı ədəbi dilin
təşəkkülü (IX-XII əsrlər) dövrünün xarakterik xüsusiyyətlərindən
bəhs edir. Fəslin əvvəlində sözügedən yüzilliklərdə
Azərbaycan ədəbi dilini şərtləndirən amillər üzərində
dayanılır. VI əsrdən təşəkkül və formalaşma prosesi
keçirən Azərbaycan ədəbi dili artıq IX-XII əsrlərdə
yazılı ədəbi dil kimi öz təşəkkülünü tam başa çatdırmışdır
(s. 555).
Bu kitabın müsbət cəhətləri həddən artıq çoxdur: bu
cür kitabların bir əhəmiyyəti budur ki, araşdırıcılar
hər hansı bir leksik-terminoloji vahidin dünya dillərində
yayılma arealını müəyyən edə bilirlər. Təhsil, tədris
prosesində yunan, latın mənşəli söz, element kimi şərh
edilən bir sıra sözlərin xalis yunan və ya latın sözü
olmadığı, dünya dillərinə məxsus ulu dildən gəldiyi
aydınlaşır.
Q.Kazımovun böyük zəhmətinin nəticəsi olan bu əsər ulu
dilin yaranması, problemlərin və dil ailələrinin əmələ
gəlməsi, e.ə. III-I minilliklərdə Azərbaycan ərazisində
etnogenez və dil məsələləri, Azərbaycan Xalq Dilinin,
şifahi və yazılı ədəbi dilimizin təşəkkül yolu barədə
aydın və bitkin təsəvvür yaradır, gələcək tədqiqatlar
üçün yol açır.
P.S. Müəllifin başqa əsərləri və onlan
haqqında məlumatları http://www.kitablar.net
internet saytından əldə edə bilərsiniz.
|