| Azərbaycan Demokratik Respublikasının
hökuməti ölkənin sosial-iqtisadi vəziyyətini
sağlamlaşdırmaq üçün möhkəm maliyyə-kredit
sisteminin yaradılmasına xüsusi fikir verir,
onun tənzimlənməsini başlıca vəzifə hesab
edirdi. Çünkü Azərbaycan dövlətinin yaşaması
və inkişafı müstəqil maliyyə sisteminin yaradılmasından
çox asılı idi. Müstəqillik yoluna qədəm qoymuş
milli hökumət mürəkkəb ziddiyyətli siyasi
vəziyyətdən çıxmaq və dağılmış təsərrüfatı
bərpa etmək üçün kəskin maliyyə siyasəti formalaşdırmalı
idi. Hökumətin qəbul etdiyi maliyyə-kredit
siyasəti, xarici dövlətlərlə hesablaşma, ödənişlərin
aparılması, dövlət xəzinəsinin toplanması
və xərc maddələri üzrə bölüşdürülməsi, nəhayət
dövlət atributu olan milli valyutanın buraxılması
siyasətini əhatə edirdi.
Maliyyə siyasətində kəskin qoyulan əsas məsələ
milli valyutanın buraxılması olmuşdur. Bu
siyasət elə aparılmalı idi ki, o, yalnız Azərbaycanın
deyil, eyni zamanda qonşu Dağıstan və Gürcüstan
respublikasının iqtisadi inkişafının stabilliyinə
xidmət etsin. Bu məqsədlə Nazirlər Şurası
1918-ci ilin sentyabr ayında dövriyyədə olan
Bakı “bon”u pul vahidinin dəyərini müəyyən
etmək haqqında qərar qəbul etdi. Bu qərara
əsasən bir türk lirəsinin ödənilməsi Bakı
“bon”u ilə 40 manat məzənnə ilə müəyyən olunmuşdu.
Azərbaycan Demokratik Cümhuriyyəti əhalinin
maddi rifah halının son dərəcə ağır olduğunu
nəzərə alaraq həmin ilin sentyabr ayının 22-də
Bakı şəhər özünüidarə Şurasının əvvəllər buraxdığı
“bon”ların ümumdövlət puluna dəyərcə bərabər
olması haqqında qərar qəbul etdi. Bu tədbir
Azərbaycan hökumətinin maliyyə-kredit siyasətinin
tənzimlənməsini və pul dövriyyəsinin sabitliyini
tə’min etdi və pul dövriyyəsində kəskin sıçrayışlara
yol vermədi.
Bununla yanaşı hökumət əvvəlki pulların dövriyyədə
qalmasına razılıq verdi və Maliyyə Nazirliyinə
tapşırdı ki, bu pulların tədricən dövriyyədən
çıxarılmasını tə’min etsin. Maliyyə-sənaye,
ticarət naziri vəzifəsində işləyən Ə.Əmircanova
göstəriş verildi ki, Bakı Şurasının dövriyyə
buraxdığı “bon”ların həqiqi tə’minatını müəyyən
etsin.
1918-ci ilin sentyabr ayının 25-də hökumətin
qəbul etdiyi qərara əsasən Azərbaycan Demokratik
Cümhuriyyətində pul dövriyyəsinin tam sabitliyinə
qədər 30 milyon manat məbləğində 10, 25 və
50 manatlıq dəyərində pul sikkələrinin dövriyyə
buraxılması müəyyən edildi. Pulların dövriyyəyə
buraxılması üçün maliyyə nazirliyinin sərəncamına
150 min manat məbləğində kredit ayrıldı.
1918-ci ilin oktyabr ayının 1-də Azərbaycan
Demokratik Cümhuriyyətinin Nazirlər Şurasının
sədri F.X.Xoyski İstambulda rəsmi səfərdə
olan M.Ə.Rəsulzadəyə mə’lumat verdi ki, Türkiyə
lirəsinin Azərbaycanda məzənnəsi 20 manata
bərabərdir.
Həyata keçirilən tə’sirli tədbirrlər nəticəsində
respublikada tezliklə maliyyə-kredit vəziyyəti
sabitləşdirildi və möhkəmləndirildi. Görülən
tədbirlərin nəticəsində Azərbaycan hökuməti
gəlir hesabına 1918-ci il oktyabr ayında noyabrın
1-dən dövlət qulluqçularının əmək haqqının
100 faiz artırılması haqqında qərar qəbul
etdi. Oktyabr ayının 22-də bir sıra nazirliklərin,
qulluqçularına yardım üçün 5 min manat, Xalq
Maarifi Nazirliyinə isə 22 min manat kredit
ayırdı.
Qonşu dövlətlərlə iqtisadi əlaqələri və ödənişləri
tənzimləmək üçün 1918-ci il dekabrın 15-də
Azərbaycan hökuməti Gürcüstan respublikası
ilə “bon”ların buraxılması haqqında müqavilə
imzaladı. Bu müqaviləyə görə Azərbaycan hökuməti
Gürcüstanın maliyyə vəziyyətini sağlamlaşdırmaq
və onun nəqd pula olan ehtiyacını nəzərə alaraq
80 milyon “bon” buraxmağa razılıq verdi və
əvəzində özünün həm köhnə borcunu, həm də
yeni pul buraxılışından öz payını alacağını
tələb edib.
1919-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda
yerli və mərkəzi maliyyə orqanlarının yaradılması
və yeni pul vahidlərinin dövriyyəyə buraxılması
başlandı. 100 manatlıq və başqa pul vahidlərinin
buraxılması nəzərdə tutulurdu. Bu barədə Azərbaycan
Demokratik Respublikasının maliyyə naziri
İ.N.Protasov hökumətin sədri Fətəli Xan Xoyskiyə
məktub yazıb iri pul vahidlərinin buraxılmasını
xahiş edirdi.
Ölkədə yaranmış kriminal vəziyyəti nəzərə
alaraq pulun e’tibarlı yerdə saxlanılması
və mühafizəsi üçün ciddi tədbirlər görüldü.
Bu tədbirlərin görülməsi onunla əlaqədar idi
ki, banklardan pullar oğurlanır və dövrəyə
qəlp pullar buraxılırdı. Xususi ilə yollarda
pulların daşınması daha təhlükəli idi. Daha
çox pul kütləsi Gəncəyə göndərilirdi, yollarda
pulların mühafizəsini tə’min etmək üçün xüsusi
tədbirlər həyata keçirilirdi. Bu sahədə xarici
işlər naziri Məmməd Yusif Cəfərov və müdafiə
naziri Səməd bəy əlbir işləyirdilər.
Azərbaycanla Gürcüstan arasında münasibətlərin
dost xarakterinə, Azərbaycan Demokratik Respublikasının
qonşu dövlətə göstərdiyi maliyyə yardımlarına
baxmayaraq bonların buraxılması ilə bağlı
qonşu ölkədə bir sıra mübahisəli problemlər
meydana çıxırdı. Qonşu ölkə maliyyə vəziyyəti
ilə əlaqədar tez-tez Azərbaycandan böyük məbləqdə
əlavə bonlar buraxmasını tələb edirdi. Bu
tələblər Azərbaycan üçün heç də məqbul olmasa
da siyasi mativlərlə bağlı parlamentin sədr
müavini Həsən bəy Ağayev və xarici işlər naziri
Məmməd Yusif Cəfərov bu təklifin yerinə yetirilməsini
hökumətin sədri Nəsib bəy Yusifbəylidən təkidlə
tələb edirdilər. Hökumətin sədri məsələyə
maliyyə siyasəti və mənafe baxımından yanaşırdısa,
H.Ağayev və M.Y.Cəfərov Gürcüstanın təklifini
siyasi mənafe mövqeindən müdafiə edirdilər.
Onlar belə hesab edirdilər ki, əgər məsələnin
həlli Azərbaycanda yubadılsa etiyac içində
olan Gürcüstan Ermənistanla birləşə bilər.
Belə də oldu, proqnoz reallaşdı. Məlum oldu
ki, 1919-cu ilin fevral ayının 12-də Gürcüstanla
Ermənistan 320 milyon Zaqafqaziya bonu buraxmaq
haqqında müqavilə imzalayıblar. Azərbaycan
hökuməti bu razılaşmaya etiraz etsə də Gürcüstan
may ayında yenidən 100 milyon bon pul buraxmaq
haqqında Azərbaycan razılıq istədi. Hökumətin
sədri bu məsələ ilə bağlı etiraz etməyi xarici
işlər nazirinə həvalə etdi.
Azərbaycan Cümhuriyyətində ilk dəfə olaraq
kredit və borc-əmanət kassaları cəmiyyəti
yaradıldı.
Artıq 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının
sərhədlərindən kənarda Bakı “bon”ları xüsusi
qiymətə malik idi, onun alveri gedirdi. Xarici
valyuta məzənnəsi ilə nisbətdə Bakı “bon”unun
da möhkəm məzənnəsi müəyyənləşdirildi. Möhkəm
maliyyə siyasətinin həyata keçirilməsinə baxmayaraq
qonşu ölkələrlə iqtisadi əlaqələrin və ödənişlərin
icrasında bə’zi çətinlikləri nizama salmaq
lazım idi.
1919-cu ildə hökumətin qərarı ilə ölkədə yerli
və mərkəzi maliyə orqanlarının işi yenidən
quruldu və yeni pul vahidləri dövriyyəyə buraxılmağa
başlandı.
1919-cu ilin iyun ayında Azərbaycanın birjalarında
pulların məzənnələri belə müəyyən edilmişdi.
1000 rublluq “Kerenkilər” — 1850 rubl
500 rublluq “Romanovlar” — 1600 rubl
100 rublluq “Romanovlar” — 350 rubl
İngilis funt-sterlinqi — 310-315 rubl
Amerika dolları — 280 rubl
Fransa frankı — 8-10 rubl
İtaliya lirəsi — 7 rubl
İran Tüməni — 125-230 rubl
Türk qızıl lirəsi — 390 rubl
Rus onluq qızıl valyutası — 420 rubl
Nobel aksiyaları — 16500 rubl.
Həyata keçirilən maliyyə islahatları maliyyə-kredit
sistemində canlanma yaratdı, iqtisadi-ticarət
əlaqələrini və ödənişləri qaydaya saldı, ölkənin
sosial-iqtisadi inkişafı üçün böyük perspektivlər
açdı. Maliyyə kredit sisteminin işlək mexanizmini
daha da gücləndirmək məqsədi ilə kredit və
borc əmanət kassaları cəmiyyəti yaradıldı.
1919-cu ilin may ayında hökumət dövlət bankının
təsis edilməsi haqqında qanun layihəsini bəyəndi
və parlamentə göndərdi. 1919-cu ilin sentyabr
ayının 30-da Bakıda Azərbaycan Dövlət Bangının
açılışı oldu. Oktyabr ayının sonunda Dövlət
bangının Gəncə şö’bəsi yaradıldı, kənd təsərrüfat
kredit bangları təsis edildi. Beləliklə müstəqil
Azərbaycanda möhkəm bang, maliyyə— kredit
sistemi yaradıldı, maliyyə pul fəaiyyəti qaydaya
düşdü.
|