Azərbaycanda etnik ad yalnız «alban» adı deyildi.
Cənub hissə atropatenlər, şimal hissə albanlar,
cənubda Atropatena dili, şimalda Alban (Aran) dili
ifadələri işlənirdi. Ərəblərin Azərbaycana müdaxiləsi
ilə bütün bunlarda dəyişiklik olur. ‘Türk’ etnik
adı V əsrdən - Sasanilər dövründən kütləviləşməyə
başlamışdı, Sasanilər Çindən İrana qədər böyük bir
ərazidə yaranmış türk xaqanlığı ilə əlaqə saxlayır,
bə’zən qohumluq münasibətlərinə girməli olurdular.
Bu minvalla Azərbaycan türklərini də ‘türk’ adlandırırdılar.
Və digər tərəfdən, xaqanlığın öz dövründə xaqanlıq
türklərinin Azərbaycana axını davam etməkdə idi.
Ərəblər şimallı-cənublu bu ölkəni də (Azərbaycanı)
«türk ölkəsi» bilir və ‘türk ölkəsi’ adlandırırdılar.
Lakin ərəblər cənub ərazilərindən tədricən şimala
qalxdıqları və Atropatena sözünü öz şivələrində
‘Azərbaycan’ şəklinə saldıqları, azərbaycanlıları
qısa şəkildə azəri adlandırdıqları üçün bu istilahı
şimal türklərinə də tətbiq etməyə başlamışdılar.
Ona grə də ‘türk’ istilahı yalnız ‘Alban’ adını
deyil, ‘madalı’ və ‘atropatenalı’ adlarını da əvəz
etməyə başlamışdı. Eyni vəzifəni azəri sözü də yerinə
yetirməkdə idi. Bu istilahların işlənməsi, bə’zi
tarixçilərin qeyd etdiklərindən fərqli olaraq, «VIII-IX
əsrlərdən sonra» yox, erkən başlamışdı - türk sözü
V, azəri sözü VII əsrdən. Xalqın və onun dilinin
təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə
getmişdir. İskəndərin işğalı dövründə, Parfiya asılılığı
dövründə, Sasanilər dövründə, ərəb istilası dövründə
daim şimalla cənub birlikdə olmuş, bir canişinlikdə
birləşdirilmişdir. Ona görə də təkcə atropatena
və ya alban dilinin təşəkkülündən deyil, söhbət
hər iki ərazinin birgə türk-azəri dilinin təşəkkül
və inkişafından gedir. Bu dil artıq V əsrdə bütövlükdə
ümumxalq dili şəklində təşəkkül tapmışdı. VI-VIII
əsrlər şifahi ədəbi dilin təşəkkül və inkişafı dövrü
kimi tarixə daxil olur. Gəlmə türk tayfalarının
hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən
az fərqlənirdi. Odur ki heç bir tayfanın yeni gəlişi
ədəbi dilin təşəkkülü yolunda ağırlıq törətməmişdir.
Əksinə, fars ən’ənəsi, ərəb asılılığı sadə xalq
dilini yazıda ağırlaşdırmışdır. Sonrakı əsrlərdə
xalq bu tə’sirdən, bu ağırlıqdan xilas olmağa çalışmış
və buna tədricən müvəffəq olmuşdur. Ona görə də
etnogenezi iki mərhələyə ayırmaq məntiqi deyil.
Vahid etnogenezin təşəkkülü V əsrə aiddir. Səlcuq
oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən
müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər.
Onların dil-nitq tə’siri də daha çox Azərbaycanın
qərb qrupu şivələrində müşahidə olunur. Q.Qeybullayev
Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda
türk dilinin təşəkkül spesifikasını fərqləndirməkdə
tam haqlıdır və bu cəhətdən bir çox tarixçi və dilçilərdən
yüksəkdə durur: «Türkiyədə və Azərbaycanda etnik
proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində
həqiqətən tam türkləşmə prosesi getmişdir və bu
proses həm də xristian dininin islamla əvəz olunması
prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların
etnogenezində türkləşdirmə (assimilyasiya) etnik
prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki
burada türk etnosları əvvəldən aparıcı rol oynayırdı».(6;209)
Bir tarixçinin dili ilə söylədyimiz bu fikirləri
biz dəfələrlə qeyd etmişik.
Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən
türk əhalisinin dili olmuş, fars dilindən və pəhləvi
şivələrindən fərqlənmişdir. «Əsrimizin 20-ci illərinə
kimi və daha sonra tarixi ən’ənə azəri məfhumunu
azərbaycanlıların adı ilə bağlamışdır». (4; 226)
Azəri dilini Azərbaycan türk əhalisinin dili sayanlara
(Lestrençin və b.) e’tiraz etsə də, Ə.Kəsrəvi ərəb
işğalından başlayaraq, Azərbaycanda işlənən dilin
azəri dili olduğunu təsdiq etmişdir: «Kəsrəviyə
görə, azərbaycanlılar islamiyyətin birinci əsrindən
türk dili yayılana kimi azəri dilində danışmışlar».
(11; 115) Bu fikrin hər iki başı, yə’ni azəri dilinin
islamiyyətin birinci əsrindən yerli əhali «türkləşənə»
qədərki dövrdə işlənməsi məntiqsiz olsa da, «azəri
dili» terminini VII-XIII əsrlər arasında Azərbaycan
xalqının dilinin adı kimi təsbit etmişdir. Ə.Kəsrəvi
və onun həmkarlarının fikrinə görə, birinci minillikdə
Azərbaycan ərazisində yaşayan əhali farsların tə’siri
ilə fars dilinə çevrilmiş bir dildə danışmış və
farslaşdırılmışlar. «Azəri dili» anlayışının mahiyyətinə
düzgün varmadan onu fars dilinin bir qolu hesab
edən Ə.Kəsrəvi nəzərə almamışdır ki, Azərbaycan
ərazisində e.ə. III-I minilliklərdə və eramızın
I minilliyində aborigen və gəlmə türklər o qədər
güclü idi ki, onların dilini fars dili heç cür assimilyasiyaya
uğrada bilməzdi. Əksinə, yerli türk dili Azərbaycan
ərazisinə axan yeni türklərlə daha intensiv qaynayıb-qarışmış
və bir çox istilaçıları da türkləşdirmişdir. Ə.Kəsrəvi
azəri dilinin mahiyyətində başqa dili düşünsə də,
bu, xalis türk dili idi və türk dili olmaqla hətta
Azərbaycana köçürülən hakim ərəbləri də öz tə’siri
altına alır, onları türkləşdirirdi. Belə bir şəraitdə
türk dilinin farslaşdırılmasından söhbət gedə bilməzdi.
Ə.Kəsrəvi özü fakt qarşısında qalaraq yazırdı:»Azərbaycanda
üç yüz ildən artıq hökmranlıq etmiş olan ərəblər
nəinki bu ərazinin sakinlərinin dilini dəyişə bilməmiş,
əksinə, özləri də dillərini itirib onlarla qarışmışlar»
(11; 116) Tarixə azacıq nəzər salan hər kəs bilir
ki, ərəbləri Azərbaycanda türklər assimilyasiyaya
uğradıb türkləşdiriblər. Ona görə də Ə.Kəsrəvinin
yuxarıdakı sözləri tam həqiqətdir. Bu həqiqət, eyni
zamanda, məntiqi şəkildə sübut edir ki, o, bilə-bilə
azəriləri irandilli hesab etmişdir. Ərəblərin Azərbaycana
ilk gəlişi, Əl-Bəlazurinin qeydinə əsasən, Əş’əsin
vaxtında olmuş, Azərbaycan əhalisi yenidən ərəblərə
qarşı üsyan etdikdə Azərbaycana Kufədən xeyli ərəb
göndərilmişdir. Bir qədər sonra yenə Azərbaycana
Kufə, Bəsrə və Suriyadan bir sıra ərəb tayfaları
köçürülmüşdür. Onlar Azərbaycanda istədikləri qədər
torpaq sahəsi tutmuşlar. Lakin az sonra onların
özləri arasında düşmənçilik yaranmış, bu düşmənçilik
silahlı toqquşma ilə nəticələnmiş, yalnız Harun
ər-Rəşidin zamanında sabitlik yaranmışdır. Ərəblər
sonralar öz ölkələri ilə əlaqəni itirmiş, dillərini
unutmuş, türk dilini mənimsəmiş, türk adətlərini
öyrənmiş və türkləşmişlər. (12; 170-177)
Ə.Kəsrəvi fars şovinizminin ən qatı təbliğatçısı
kimi deyirdi: «Bizim fikrimizcə, bundan sonra dəmir
yolunun İranın şəhərlərini bir-birilə birləşdirməsi,
habelə kəndlərdə məktəblərin açılması, mətbuatın
kütləvi surətdə (kitab, məcmuə, qəzetin) yayılması
ilə əlaqədar olaraq türk dilinin aradan çıxması
Azərbaycanda xüsusilə nəzərə çarpacaqdır. Ola bilsin
ki, bir-iki əsrdən sonra bütün iranlılar üçün bir
dil olsun və türk, ərəb, kürd, mazandaran, gilan,
sisan, simnan, bəxtiyar, lur, şüştər və digər ləhcələrin
adlarından başqa bir şey qalmasın».(11; 120) Heç
şübhəsiz, bu, alim uzaqgörənliyi deyildir və bu
sözlər müəyyən dairələrə xidmət üçün söylənmişdir.
Azərbaycan ərazisində son iki min il ərzində türk
dili getdikcə daha çox qol-qanad atdığı halda, bir
sıra başqa etnoslar (tatlar, talışlar, ləzgilər,
udinlər və b.) öz dillərini qoruyub saxlamışlar.
Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə
sonralar gəlmişlər: »Əslində, Hind-Avropa dil ailəsinə
mənsub ari mənşəli tayfalar er.əv. II minillikdə
Cənubi-şərqi Avropadan Orta Asiyaya gəlmişlər. Er.əv.
1700-1500-ci illərdə onların bir hissəsi - vedalar
ayrılaraq Hindistana getmiş, indiki farsların, taciklərin,
əfqanların, Pamirdə irandilli kiçik xalqların, kürdlərin,
talışların, tatların, kiləklərin və s. ulu əcdadları
isə Orta Asiyada və Əfqanıstanda qalmışlar. Er.
əv. birinci minilliyin əvvəllərində farsların, kürdlərin,
talışların, tatların, giləklərin və s. ari adlanan
əcdadları İran ərazisinə gəlmişlər.»(13; 39) Hind-İran
dil qolu parçalandıqdan sonra İran qolu hazırkı
İran yaylasının mərkəzində və cənubunda məskunlaşmış,
e.ə. I minilliyin ortalarında İran ləhcələrində
danışan bir sıra etnoslar Azərbaycanın şərq və qərb
rayonlarına irəliləmiş, burada irandilli etnosların
əsasını qoymuşlar. Azərbaycan ərazisində qədimdən
irandilli tayfalar olmamış, bu cür tayfalar e.ə.
I minilliyin ortalarından gəlmişlər. Bunu İ.Əliyev
özü də təsdiq edir: «İnamla deyə bilərik ki, əlimizdə
elə bir fakt yoxdur ki, midiyalıların gəlmə element
olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki,
hər hansı bir irandilli tayfa Midiya ərazisinə gəlmişdir».
(14; 90)
Erkən orta əsrlərdə - Parfiya dövründə bir sıra
irandilli tayfalar Azərbaycan ərazilərinə köçürülmüşdür.
Lakin bunlar azlıq təşkil edirdilər. Ölkəmizin ərazisindəki
tatlar, talışlar, kürdlər, lahıclar yenə də iki
min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini
çox nadir hallarda dəyişənlər olmuşdur. Talış zonasından
aşağılarda Gilan və Mazandaran dilləri yayılmışdır
ki, bunlar pəhləvi ləhcələrindən sayılır. İran-fars
şovinizmindən fərqli olaraq, Azərbaycanda heç bir
etnosun dili sıxışdırılmır. Heç farslar da istədiklərinə
nail ola bilməyəcəklər, çünki bir xalqı nə qədər
sıxsan, o o qədər güc toplamağa çalışacaqdır. Azlıq
təşkil edib yeni gələn etnosların dili o zaman yerli
dil ilə tez qovuşa bilər ki, onlar qohum dillər
olsunlar. Azərbaycanlıların qədim dili olan azəri
dilini pəhləvi dilinin dialektlərindən sayan alimlər
qəsdən nəzərə almırlar ki, tarixin üzərinə o qədər
qalın pərdə çəkmək olmaz. «...Azərbaycanın bir sıra
əllamə alimlərinin təsdiqinə çalışdıqları nəzəriyyənin,
yə’ni Azəri türklərinin farsdan dönməsi «ideyası»
Ulu Tarixin təkərlərinin altına zorla soxuşdurulan
pazdır. Sür’ətlə axıb gedən, şütüyən Zaman qatarının
polad təkərləri altına paz qoymağa sə’y göstərmək,
özünü, öz hissiz, duzsuz, əndamsız şəxsi varlığını
təhlükədə qoymaq deməkdir. Yə’ni pazın əvəzinə özün
düşə bilərsən u iti çarxların altına». (16; 214)
Cənubi Azərbaycan əhalisinin dilindən bəhs edən
ərəbdilli qaynaqlarda azəri termini tez-tez xatırlanır.
Yaqut Həməvi (XII-XIII əsrlər) göstərir ki, «onların
(Azərbaycan əhalisinin - Q.K.) dilini əl-azəriyə
adlandırırlar. Onu başqaları anlamır». Yaqubi (IX
əsr), Məs’udi (X əsr) və başqaları da «azəri dili»
haqqında mə’lumat vermişlər.(4; 222-223) Onlar bu
dilin türk dili olduğunu qeyd etməsələr də, onu
fars dilindən fərqləndirmiş və Azərbaycan ərazisində
fars dili ilə yanaşı əsas dil olduğunu söyləmişlər.
Çox zaman İran asılılığında olan ölkələrin hamısının
dilini fars dili adlandırmış və yerli xalqın dili
ilə rəsmi dövlət dili kimi istifadə edilən fars
dilini eyniləşdirmişlər. Məsələn, Məs’udi farslara
tabe olan Azərbaycan, Ərməniyə, Arran, Beyləqan,
Dərbənd, Rey, Təbəristan, Əl-Maskat, Şabiran, Curcan,
Nisabur, Herat, Mərv kimi ölkə və vilayətlərin adını
çəkərək yazır: «Bütün bu ölkələr vahid idarəyə,
vahid hökmdara və vahid dilə malikdir. Onların dilləri
bir sıra fərqlərə baxmayaraq, birdir, çünki yazdıqları
hərflər eynidir, hərflərin birləşməsi də eynidir.
Ancaq digər nisbətdə götürəndə bunlar, məsələn,
(necə ki), pəhləvi (əl-fəhləviyə), dəri (əl-dəriyə),
azəri (əl-azəriyə) və başqaları fars dilindən fərqlənirlər».
(4; 224) Göründüyü kimi, müəllif bütün bu ərazilərdə
işlədilən əlifba ilə dilləri eyniləşdirmiş, dillər
arasındakı kəskin fərqlərə ciddi diqqət yetirə bilməmiş,
onları bir-birinə yaxın saymış, lakin son məqamda
yenə fərqləndirməyə məcbur olmuşdur.
Azəri dilini fars dili hesab edənlərin söykənəcəkləri
ondan ibarətdir ki, azəri adlı farsdilli bir tayfa
olmuşdur və azəri dili ifadəsi də onların dilinin
adı kimi yayılmışdır. Bunun əksinə, belə bir fikir
də var ki, azəri sözü «dilləri bizim dilin kökündə
dayanan» as tayfa adından və ər sözündən ibarət
olub (sondakı -i mənsubiyyət bildirən şəkilçidir),
‘as ərləri’ deməkdir. (15;3) Bu aslar haqqında əfsanələr
böyükdür və onlar bütün Asiyanın, hətta uqor-fin
dillərinin kökündə dayanan bir tayfa kimi səciyyələndirilir.
İranşünaslar isə, dediyimiz kimi, azəriləri İran
tayfalarından biri hesab edib irandilli əhali saymışlar.
Biz qeyd etmək istərdik ki, bəlkə də Azərbaycan
sözünü əfsanəvi qədim aslarla bağlamaq olar, lakin
bu xalqı və onun dilini farsdilli güman edilən bir
tayfa adı ilə heç cür əlaqələndirmək mümkün deyildir.
Çünki tarixin az-çox yazılı mənbələri olan son beş
min ili ərzində Azərbaycanda və hətta yaxın ətraf
ərazilərdə asər və ya azəri adında türk və ya irandilli
aparıcı bir tayfaya təsadüf edilməmişdir.
Azəri sözü tayfa adı olmayıb Azərbaycan sözündən
yaranmışdır -Azərbaycan sözünün qısaldılmış forması
kimi təşəkkül tapmışdır.
Antarpatianu və Atropatena sözləri uzun müddət unudulmamışdır.
Monqol basqınlarını gözləri ilə görmüş Gəncəli Kirakos
1241-ci il hadisələrindən bəhs edərək yazır: «Onlar
(monqollar - Q.K.) getdikcə farsların bütün ölkəsini,
Atrpatakanı, Deyləmi dağıtdılar, qarşılarında bir
maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər».(5;
162) Bu forma - Atrpatakan, təbii ki, erməni tələffüz
formasıdır və bu tələffüzdə sözün birinci hecasındakı
An allah adının «n» samiti düşdükdən sonra irəli
çıxan «dz» qovuşuq səsinin birinci komponentinin
karlaşmış variantı (d>t) saxlanmışdır. Ərəblər
isə həmin qovuşuq səsin ikinci komponentinə öz dillərinin
xarakterinə uyğun olaraq üstünlük vermiş, sözü Adzirbican
- Azirbican - Azərbican şəklində tələffüz etmişlər.
Azəri sözü bu sözdən, bu tələffüzdən yaranmışdır.
Təbii ki, ərəb işğalına qədər və sonralar da müxtəlif
dil mühitində (yerlilərin, qonşuların, gəlmələrin
dilində) Atropatena dili, azəri dili, Arran dili,
türk dili və s. terminlər paralel işlənmişdir. Cənub
Azəbaycan idi, lakin elə bir vəziyyət yaranmışdı
ki, ara-sıra «Arran» sözü işlədilsə də, ərəblər
üçün «şimal» və «cənub» söhbətləri yox idi, ərəblər
Arranı da «Azərbaycan» adlandırırdılar. Vahid Azərbaycan
var idi və bunu mənbələr də təsdiq edir. N.Vəlixanlı
bu cəhəti xüsusi nəzərdən keçirərək yazmışdır: «...ərəb
müəllifləri Zaqafqaziyanın işğalı ilə bağlı hadisələri
qeyd edərək, Arran - Albaniya ərazilərini həm də
Azərbaycan adlandırırdılar. Faktlara diqqət yetirək.
Əl-Kufiyə görə, «əl-Ədiyyə (ibn Aliyyə əl- Kindi)
(Ömər ibn-Əbd əl-Əzizlə göndərilmişdir, 717-720-ci
illər - N.V.) Azərbaycan ölkəsinə yollanmış və Beyləqanda
yerləşmişdir... Əl-Haris ibn Əmr (Ədiyyədən sonrakı
hakim, yenə Ömər ibn-Əbd əlƏziz tərəfindən tə’yin
edilmişdir - N.V.) Azərbaycan ölkəsinə yollandı
və Bərdədə dayandı. Əl-Cərrəh ibn-Abdullah əl-Həkəmənin
(722-725, 729-730-cu illərdə Azərbaycan hakimi)
Şəkiyə gəlişini xatırlayaraq, əl-Kufi yazır: «O
(xəlifə Hişam - N.V.) əl- Cərrəh ibn-Abdullaha əmr
etmişdi ki, Azərbaycanda qalsın». Əl-Təbəri və İbn
əl-Əsirin mə’lumatına görə, 91-ci ildə (709-710)
Məsləmə ibn-Əbd əl-Malik türklər (başqa sözlə, xəzər)
əleyhinə yeni yürüş təşkil etdi «və Azərbaycan vilayətində
əl-Babı əldə etdi, şəhərlər və qalalar işğal etdi».(9;
80)
Bunlar çox maraqlı və çox aydın faktlardır. 1300
il əvvəl Azərbaycanın bu cür bütövlüyü onun vahid
xalqından, vahid dilindən xəbər verir. Xalqın dili
türk dili idi. Türklər Qara dənizin və Xəzərin şimalında,
bütün Orta Asiyada, Altaydan Balkana qədər geniş
ərazidə yayılmışdı. Ona görə də fərqləndirmək üçün
ərəblər «Azərbaycan» dedikləri bu ərazidə işlədilən
dili «əl-azəriyə» - azəri dili adlandırırdılar və
bu, son dərəcə uğurlu bir tapıntı idi. Əgər Ə.Kəsrəvi
kimilərin qərəzli və yanlış iddiaları olmasa idi,
tarixçilərimiz bu uydurmalara uymasa idilər, bu
addan vaxtilə (XX əsrin 70-ci illərində) azərbaycanlılar
imtina etməklə (və ya onları buna məcbur etməklə)
böyük səhvə yol verməz, Azərbaycan ziyalıları arasında
«türk dili» və ya «Azərbaycan dili» söhbətləri ilə
ixtilaf yaradılmazdı.
XI əsrin görkəmli Azərbaycan alimi Xətib Təbrizinin
(1030-1108) öz müəllimi Əbül Üla Məərri ilə məşhur
söhbətində azəri dilinin «Azərbaycan əhalisinin
dili» kimi təqdim edilməsi «azəri dili» dedikdə
türk dilinin nəzərdə tutulduğuna əyani misaldır.
Söhbətin məzmunu belədir: «Xətib Təbrizi danışırdı
ki, Nemanda (şəhərdə) Məərrinin məscidində mən onun
(Əbül Ülanın) qarşısında oturmuşdum və ona kitabdan
nə isə oxuyurdum. O (Xətib Təbrizi) dedi: «Mən iki
il idi onun yanında qalırdım. Öz ölkəmdən heç kimi
görməmişdim. Bu zaman birdən namaz qılmaq üçün məscidə
daxil olan bir qonşumuzu gördüm və onu tanıdım.
Şadlıqdan əhvalım tamam dəyişdi. Əbül Üla mənə dedi:
«Sənə nə oldu?» Mən ona cavab verdim ki, iki ildir,
öz ölkəmdən heç kimlə görüşməmişəm. Bir qonşumu
gördüm. O mənə dedi: «Get, onunla söhbət elə». Mən
dedim: «Qoy dərsimi qurtarım». O dedi: «Dur, mən
səni gözləyərəm». Mən durdum və onunla (qonşumla)
xeyli azəricə danışdım və nə istəyirdim, hamısının
haqqında soruşdum. Mən qayıtdım və onun (Əbül Ülanın)
hüzurunda oturdum. O dedi ki, bu nə dildir? Mən
dedim: Bu, Azərbaycan əhalisinin dilidir. O dedi,
mən (bu) dili bilmirəm və başa düşmürəm. Ancaq sizin
bütün söhbətinizi əzbər yadda saxlamışam. Bundan
sonra o bizim bütün danışdıqlarımızı sözbəsöz təkrar
etdi. Qonşum hədsiz dərəcədə təəccüb etdi və dedi,
o ona mə’lum olmayanı necə əzbər öyrənə bilmişdir».
[463,s.145-146] (6; 129)
Ə.S.Sumbatzadə bu gözəl mətni öz əsərində vermiş
və azəri dilinin İran dillərindən biri olduğunu
sübuta çalışmışdır. Hətta XIII əsrin birinci rübünədək
yaşamış Yaqut Həməvinin (1179-1229) yuxarıda verdiyimiz
fikri də nəticə çıxarmaq üçün «əsas verməmiş», müəllif
azəri dilinin birdən-birə türk-monqol tə’siri ilə
izsiz yox olduğu qənaətinə gəlmişdir. Azərbaycan
ərazisindəki ən xırda irandilli etnoslar bu günə
qədər yaşadığı halda, «Azərbaycan əhalisinin dili»
olan azəri dili yox olub aradan çıxmış, heç bir
iz qoymamışdır. Bütün axtarış və tədqiqatlarında
düzgün yol tutan Q.Qeybullayevin «azəri dilini müasir
talışların dili saymaq olar» (13; 224) ifadəsi də
onun yaradıcılığı üçün ciddi qüsurdur. O, azəri
dilini irandilli bir tayfanın dili hesab etdiyi
üçün bu dilin Cənubi Azərbaycan - Atropatena ərazisində
geniş yayıldığını söyləyən alimlərin - S.Y.Qasımova,
A.P.Novoseltsev və başqalarının fikirləri ilə razılaşmamış,
onun geniş yayıla bildiyinə şübhə ilə yanaşmışdır.(13;
225)
Heç bir alim Xətib Təbrizi ilə Məərrinin söhbətindəki
bir məqama düzgün diqqət yetirməyib. Xətibin dediyi
sözü yanlış olaraq azəri dili şəklində izah etmişlər.
Mətndə azəri yox, azərbi sözü işlənmişdir. Ə.Sumbatzadə
həmin əhvalatın ilk mənbəyini göstərməklə rus mətni
içərisində sözün həmin mənbədə necə yazıldığını
da ərəb qrafikası ilə qeyd etmişdir. Müəllif yazır:
«Verilmiş parça ilk növbədə Əbdülkərim ibn-Məhəmməd
əs-Səmaninin (1114-1166) «Kitab-əl-ənsab» əsərində
mühafizə olunmuş, Xətib Təbrizinin öz yerlisi ilə
söhbət dilindən bəhs olunarkən ba-l-azərbicide,
b. s. «azəri dilində» ifadəsi qeydə alınmışdır».
(6;129) T.İ.Hacıyev M.Mahmudovun «Piyada... Təbrizdən
Şama qədər» (1982) əsərinə əsaslanaraq həmin sözü
azrəbi şəklində göstərmişdir. Müəllif eyni əhvalatı
xatırlayaraq sözün işləndiyi cümləni belə vermişdir:
«Ayağa qalxdım və azrəbi dilində onunla xeyli söhbət
edib məni maraqlandıran hər şeyi ondan soruşdum».
Müəllif yenə M.Mahmudova əsaslanaraq yazır: VII
əsrdən mə’lum olan mənbələrdə ərəblər Azərbaycana
Azrəbican demiş və sifət məqamında həmin sözü azrəbi
şəklində işlətmişlər».(23;5) Burada T.İ.Hacıyevin
azrəbi dilini «Azərbaycan əhalisinin türk dili»
adlandırması bizi maraqlandırmır - dilimizin tarixinə
az-çox bələd olan şəxs başqa cür düşünə bilməzdi.
Bizi maraqlandıran sözün həm formaca, həm də məzmunca
əsasən düzgün mə’nalandırılmasıdır. Ə.Sumbatzadə
sözün yazılışını düxgün vermiş, lakin onun oxunuşunu
təhrif etmişdir, dilin mahiyyətini isə mə’lum mənfur
konsepsiyanın mövqeyindən izah etmişdir. Ə.Sumbatzadənin
həmin sitatla bağlı şərhlərinə qayıtmasaq da, tarixçinin
öz xalqının və onun dilinin tarixi barədə bu qədər
yanlış və bəsit düşüncələrə malik olduğunu (bax:
6;129-130) düşündükcə heyrətlənməyə bilmədik. M.Mahmudov
və T.İ.Hacıyevdə biz bir elementin ərəb əlifbasından
düzgün əxz olunmadığını güman edirik. Biz bu fikirdəyik
ki, mahiyyətlə çox bağlı olan söz azrəbi yox, azərbi
şəklində oxunmalı idi və bu cəhətdən Ə.Sumbatzadə
ərəb əlifbası ilə sözü düzgün vermişdir: ba-l-azərbicide.
Sözün bu şəkildə oxunuşu ona görə doğrudur ki, bu
söz Azərbican sözündəndir, Azərbican sözünün bir
hissəsidir və «Azərbaycan sözünün sifət kimi işlənən
formasıdır» dedikdə bizim mövqeyimizə müvafiq şəkildə
geniş düşünülməmiş olsa da, T.Hacıyev həqiqətin
üstünə gəlib çıxmışlar. Bütün bunlar göstərir ki,
azəri sözü as və ya az tayfa adı ilə deyil, Azərbaycan
sözü ilə bağlıdır və o da aydın olur ki, bu söz
birdən-birə tapılmamış, ilk dövrlərdə ərəblər Azərbaycan
dili anlayışını azərbi dili şəklində işlətmiş, tədricən
«b» samiti də atılmış, azəri dili ifadəsi təşəkkül
tapmışdır.
Beləliklə, azəri sözü ərəb istilası zamanından intesiv
şəkildə işlənmiş və o gündən ki ərəblər bütün ölkəni
«Azərbaycan» adlandırmağa başlamışlar, o gündən
də dilimizə bu kökdən «-əl-azəriyə» - azəri dili
demişlər. Etimoloji cəhətdən Azərbaycan sözünün
kökündə nə durursa, «azəri» sözündə də o durur.
Bu söz 1300 ildir ki, işlənməkdədir. Bəs necə olmuşdur
ki, «türk dili» ifadəsi bunu üstələmişdir?
Görünür, azəri dili bir termin kimi daha çox ərəb
təhsillilərin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda
öz mövqeyini itirdikdən sonra «azəri» sözü də işləkliyini
zəiflətmişdir. Lakin bu söz işləkliyini zəiflətsə
də, tamamilə unudulmamış və bütün sonrakı minillik
boyu daim Azərbaycan türk dilinin yığcam ifadə vasitəsi
kimi gərəkli olmuşdur. XIII əsrdə elmi ədəbiyyatda
öz izini saxladığı kimi, XIX əsr mənbələrində də
özünə yer tapmışdır. Şübhə etmirik ki, arada olan
beş əsrlik mənbələrdə də bu söz işlənməmiş deyildir.
Lakin bu da bir faktdır ki, X-XII əsrlərdən «türk
dili» ifadəsi üstün mövqe qazanmış, «azəri» sözünün
işləkliyini məhdudlaşdırmışdır.
Y.B.Yusifov Yaqut Həməvinin (XII-XIII əsrlər) azəri
dili haqqında mə’lumatını xatırladıb qeyd edir ki,
bundan sonra «Azəri dili haqqında qaynaqlarda daha
mə’lumat verilmir. Bu dövrdə (XII-XIII əsrlər),
yəqin ki, «azəri dili» anlayışı «türk dili» anlayışı
ilə əvəz olunur».(4; 225-226)
Mühüm bir problem kimi bu da maraqlıdır ki, bütün
türk xalqlarının dili türk dili olduğu halda, nə
üçün türk dili ifadəsi yalnız bizim dildə, bizim
dil üçün mühafizə olunmuşdur?
Əvvəlcə onu qeyd edək ki, yuxarıdakılardan belə
bir nəticə çıxarmaq olmaz ki, türk dili ifadəsi
XIII əsrdə yaranmışdır. VI əsrin ortalarında - 550-ci
ildə Bumın xaqan I Göytürk dövlətini yaratmış və
rəsmi olaraq «türk» sözünü öz dövlətinin adı kimi
qəbul etmişdi: dövlətləri türk dövləti, dilləri
türk dili adlanırdı. VI-VII əsrlərdə 80 il ömür
sürən bu dövlət sonralar öz müstəqilliyini itirmiş,
630-680-ci illər arasında əhali 50 il Çin tabeliyində
olmuşdur. 681-ci ildə müstəqillik qazanaraq II Göytürk
dövlətini (681-744) yaratmışlar. Bu zaman Göytürk
dövləti öz ərazilərini daha çox genişləndirmişdir.
VIII əsrin ilk günlərində (701) türklər artıq şimaldan
Sasanilərin keçmiş sərhədlərinə gəlib çıxmışdılar.
Bu dövrdə Azərbaycan və Aran ərəblərin işğalı altında
idi.
Elə bir dövr idi ki, ərəblər Azərbaycanı bütöv görür
və onun «qədimdən türk yurdu» olduğunu yaxşı bilirdilər,
dəfələrlə yerli əhali ilə toqquşmalı olmuşdular.
Bir tərəfdən də yeni türk axınları davam etməkdə
idi. Aramsız olaraq türklər türk yurduna axışırdılar.
Buna görə də ərəblər təbii, qanuni, məntiqi bir
iş görmüş, fərqləndirmək üçün türkdilli Azərbaycan
əhalisini azərilər, əhalinin dilini azəri dili adlandırmışlar.
Lakin «azəri» sözünün rəsmi işlənmə imkanları türkdilli
əhalinin öz dillərini «türk dili» adlandırmasına
mane olmamış, yuxarı dairələrdə daha çox «azəri
dili», geniş xalq arasında «türk dili» sabitləşmişdir.
Ərəblər bir işğalçı kimi zəiflədikcə «türk dili»
üstünlük qazanmışdır. Təsadüfi deyildr ki, böyük
Nizami də XII əsrdə «türkcə» sözünü işlətmişdir.
Şahın məktubunda deyilir:
Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti)
deyil,
Türkəvara deyilmiş söz bizə layiq deyil.(40; 35)
Poema Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə
müraciəti əsasında yazılmışdır. Şah özü onu ərəb-fars
inciləri ilə bəzəməyi məsləhət görmüşdür. Məzyədilər
sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən idilər
və X əsrdən fars dilinin aşiqi olmaqla sarayda fars
dilindən istifadə edirdilər. Şirvan dövlətinin sonuna
qədər də (XVI əsr) fars dilinə üstünlük vermiş,
türk dilinə həqarətlə baxmışlar.
Bütün bunlar aydın və şübhəsizdir. Lakin biz şimallı-cənublu
Azərbaycan türk əhalisinin dilinin türk dili adlandırılmasını
eramızın I minilliyində ərəblərin müşahidə etdiyi
«türk ölkəsi» və ya yeni türk axınları və yaxud
da Göytürk dövləti sərhədlərinin şimaldan Azərbaycana
çatması ilə məhdudlaşdırılmalı olan bir prosesin
nəticəsi kimi təsəvvür etmirik. Bütün ilkin türk
tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də
Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha
çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını
bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara
yayan bir dövlətin adı kimi geri qayıtmışdır.
Xalq öz varlığını, müstəqilliyini cana doyduğu işğallardan
qorumağa çalışdıqca öz mədəniyyətini, maddi-mə’nəvi
özünəməxsusluqlarını da qorumuşdur. Budur, Yaqut
Həməvidən 70-80 il sonra Həmdullah Qəzvini fars
dilində yazdığı («Nüzhətül-qülub» - «Ürəklərin əyləncəsi»)
əsərində artıq «türk» sözündən bol-bol istifadə
edir: «Xoy türk diyarı kimi tanınmışdır». «Təbrizlilər
görkli bir kimsəni cındır geyimdə gördükdə öz türk
dilində məsəl çəkirlər: «Hüluki üzümü yırtıq səbətdə
durmaz...» «Burada yaşayan xalqın üzünün rəngi ağdır,
türk dillidir və çoxu hənəfi təriqətindəndir» və
s.(5; 169-170) Bu dövrdə artıq qonşu Anadoluda Osmanlı
dövləti (1299-1924) yaranmışdı və dilləri rəsmi
olaraq «Osmanlı dili» adlanırdı. Xəzərin cənub-şərqində
və şərqində isə hər bir türk dilinin adı vardı və
ona görə də azərilərin öz dillərini «türk dili»
adlandırmaları üçün heç bir rəqabət və təhlükə yox
idi.
»Azəri» sözü az işlənsə də, unudulmurdu. Azərbaycan
dilini ilk dəfə rəsmi dövlət dili e’lan edən Şah
İsmayıl, təbii olaraq, «türk dili»nə üstünlük verir.
Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış,
ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil
Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların
sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə
yanaşı, dövlət dilini və onun adını da beynəlxalq
aləmə tam fərqli şəkildə - xalqın işlətdiyi kimi
çatdırır və bu hal «azəri dili» termininin daha
çox məhdudlaşmasına səbəb olur. Eyni anlayış haqqında
iki termindən «türk dili»nin üstünlük qazanmasında
həqiqətən Şah İsmayılın xidməti böyükdür. Lakin
bundan istifadə edən İranpərəstlər xalqı və bütün
elm, bilik sahiblərini aldatmağa çalışmış, azəri
dilinin guya İran dilləri qrupuna daxil olan bir
dil olduğunu və həmin dilin zorla Şah İsmayıl tərəfindən
məhv edildiyini, yerinə türk dilinin qoyulduğunu
isbat etməyə cəhd göstərmişlər. Amma Şah İsmayılın
«canını qurtaranlar», bu prosesi - türk dilinin
fars azəri dilini hələ XIV əsrdə məhv etdiyini,
yalnız sıxışdırılıb Ərdəbildə qaldığını iddia edənlər
də var.(17; 46) Bunlar son dərəcə məntiqsiz düşüncələrdir.
Şah İsmayılın xidmətlərini unutdurmağa çalışanlar
da vardır: Guya Şah İsmayılın Osmanlı sultanları
ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət
işləri farsca aparılmış; azərbaycanlılar Şah İsmayıla
kimi və hətta ondan sonra XVII yüzilliyə kimi, kökcə
İran mənşəli olan azəri dilində danışmış; Şah İsmayıl
isə güc işlədərək bu dili azərbaycanlılara yabançı
olan «türk dili» ilə əvəz etmişdir. Halbuki alman
alimi Adam Olearinin yazısında 1630-cu illərdə,
hətta paytaxtın Səfəvilər tərəfindən İran şəhəri
İsfahana köçürüldüyü çağlarda əcnəbi elçilərin qəbulunda
sarayda Azərbaycan dilinin işləndiyi göstərilir.
Fransız səyyahı Jan Batist Tavernye də eyni həqiqəti
qeyd etmişdir: «Saray adamlarının dili türk dilidir».
(5; 185)
Azəri dilinin İran dil qrupuna aid olması barədə
iddialar xalis cəfəngiyyatdır. Bir anlığa düşünək
ki, bu iddialar (Azərbaycan əhalisinin dilinin azəri
adlanan İran köklü tayfa dili olması) doğrudur və
ölkə əhalisinin dili fars dilindən fərqli (iddiaçıların
fikrinə görə, talış dilinə yaxın) bir dil imiş.
Cəmi 37-38 il ömür sürmüş Şah İsmayıl bu dili necə
dəyişib türk dilinə çevirə bilərdi? Şah İsmayıldan
200 il əvvəl Həmdullah Qəzvini Təbriz, Xoy kimi
iri şəhərlərin, paytaxt şəhərinin əhalisinin türkdilli
olduğunu qeyd edirsə, «İran köklü» azəri dilində
kim danışırmış?
Yaqut Həməvi ərəb idi və çox olsa, fars dilini də
bilərmiş. Görünür, türk dilini bilmirmiş. Onun,
«Onlar azəri dilində danışırlar, bu dili başqaları
anlamır» deməsi bir çoxlarını bu qənaətə gətirir
ki, Azərbaycanın əhalisi elə bir spesifik İran dilində
danışırmış ki, onların dilini başqaları anlamırmış.
Onun bir çox hallarda düzgün olmayan, təqribi mülahizələri
İranşünaslara qol-qanad vermişdir. Yaqut Həməvi
çox zaman öz mə’lumatlarını gözü ilə gördükləri
əsasında deyil, «Əl-İstəxrinin deməsinə görə», «söyləyirlər
ki», «Mənim inandığım tacirlərdən biri mənə danışırdı
ki», «Mən düşünürəm ki», «Azərbaycanda mən Bərdədə
yaşamış adamlar ilə görüşmüş və onları şəhər haqqında
sorğuya tutmuşam, onların deməsinə görə» kimi «əsaslar»
üzərində qurmuşdur. Onun dillər haqqında mə’lumatında
da bu cür qeyri-müəyyənliklər müşahidə olunur: «O
(Bab-əl Əbvab - Dərbənd) bir çox düşmən və müxtəlif
dillərdə danışan xalqlar əhatəsindədir». «Deyirlər
ki, Bab-əl Əbvabdan o yana uzanan dağlarda 70-dən
çox xalq yaşayır, bunların hər biri ayrıca öz dilində
danışır və bu dili qonşular başa düşmür». (5; 167)
Dərbənddən yuxarıda qafqazdilli xalqlar yaşayır
və onlar daim bir-birini başa düşüblər. Qafqazdillilərdən
başqa, ikinci böyük dil qrupu hunlar, xəzərlər və
ümumən türklər idi.
Yuxarıda - Şah İsmayıl ilə bağlı sitatda bir fikir
doğrudur: «azərbaycanlılar Şah İsmayıla kimi və
hətta ondan sonra XVII yüzilliyə kimi... azəri dilində
danışmış»lar. Əslində, bunu belə başa düşmək lazımdır
ki, XVII əsrədək azərbaycanlılar «türk dili» ilə
yanaşı, öz dillərinə «türk dili» mə’nasında «azəri
dili» də demişlər. Bu, tam doğru fikirdir.
XV əsrdən başlayaraq Osmanlı imperiyası zəifləməyə,
Osmanlı dövləti tutduğu əraziləri itirməyə başlamışdır.
Nəhayət, tədricən türklərin (osmanlı türklərinin)
hakimiyyət dairəsi Anadoluya sığışmışdır. «Osmanlı
imperiyası», «Böyük Osmanlı dövləti» kimi ifadələr
də öz əhəmiyyətini itirmişdir. Belə bir vaxtda yalnız
öz əzəli yurdları ilə kifayətlənməli olan Osmanlı
türklərinə «Anadolu türkləri» də deyilmişdir. Ona
görə də XIX əsrin sonları, XX əsrin əvvəllərində
Azərbaycan və Anadolu türklərini fərqləndirmək üçün
yenidən «azəri» sözünə ehtiyac artmışdır. Və bu
zamandan «azəri» sözü daha çox işlənməyə başlamışdır.
Beləliklə, ərəb işğalından (VII əsr) bu günə qədər
«azəri dili» həqiqi mə’nada «türk dili»nin sinonimi
kimi işlənmişdir və bir linqvistik termin kimi,
«azəri» sözü yüksəliş (VII-X əsrlər), tənəzzül (X-XIX
əsrlər), yeni yüksəliş (XIX əsrin sonlarından XX
əsrin 70-ci illərinə kimi - aradakı repressiya çıxılmaqla)
və yeni tənəzzül (70-90-cı illər) mərhələləri keçirmişdir.
Əgər Hind-Avropa monopolizmi, Ə.Kəsrəvi kimilərin
fars şovinizmi, bizim bir sıra alimlərin və rus
tarixçilərinin tarixi saxtalaşdıran yazıları olmasa
idi, XX əsrdə «azəri dili» uğurlu bir termin kimi
öz yerini tuta bilərdi.
Azərilər sözü Azərbaycan ərazisində yaşayan bütün
etnosları əhatə etmişdir, lakin azəri dili türk
xalqının dilini. Odur ki dəqiqləşdirmək üçün bə’zən
azəri türklərinin dili ifadəsi işlədilmişdir. Görünür,
həm də bu çoxmə’nalılığı aradan qaldırmaq üçün Şah
İsmayıl azəri dili istilahını sıxışdırmağa çalışmışdır.
Bunlar bir daha göstərir ki, azəri dili ifadəsi
Azərbaycan adından doğmuşdur, ona görə də türk etnosu
və Azərbaycan türk dili ilə bilavasitə bağlıdır.
Azərilər və azərbaycanlılar anlayışları ekvivalentdir.
Azəri sözünün Azərbaycan sözündən törədiyini nəzərə
aldıqda həm azəri dili, həm də Azərbaycan dili ifadələri
yayğın ifadələrdir. Lakin Azərbaycanın bütövlükdə
türkdilliliyini, yə’ni aparıcı etnosların türk,
milli dilin türk dili olduğunu nəzərə aldıqda «türk
dili» ifadəsinə ekvivalent kimi azəri dili ifadəsi
tam yerindədir.
Azəri sözü bizim dilimizi bütövlükdə (şimallı-cənublu)
adlandıra bilən ən uğurlu termindir. Azərbaycan
türklərinə daim «azəri türkləri» demişlər və bu
ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən,
həm də şərq türklərindən fərqləndirmişdir. Hələ
Nəsrəddin şah dövründə İranda buraxılmış «Name-i
Daneşvaran» adlı kollektiv əsərdə Cənubi Azərbaycan
əhalisinin dili «azəri dili» adlandırılmış və aydın
olmaq üçün izahat verilmişdir: «azəri dili», yə’ni
«zəban-i turkan» (türk dili). Qərbin görkəmli şərqşünas
alimləri və o cümlədən ingilis şərqşünası Q.A.Stranqe
də bu cür nəzərdə tutmuş, «azəri» sözünü «Azərbaycanın
qədim türk dili» adlandırmışdır.
Əslən azəri türklərindən olan Cahangir Zeynaloğlunun
1924-cü ildə İstambulda çap etdirdiyi «Müxtəsər
Azərbaycan tarixi» əsərində oxuyuruq: «Hər yerdə
olduğu kimi, burada da (Azərbaycanda - Q.K.) azlıq
çoxluğa tabe olaraq, qədim əhalidən tat, talış,
ləzgi və sonradan gələn ərəb, kürd kimi millətlər
yerli türklər ilə qarışıb birləşmişlərdir və beyləcə
yeni bir türk xalqı, yeni azəri türkləri vücudə
gəlmişdir... Gözəllik və sadəliyi sayəsində bütün
Qafqaz və Rusiyada, hətta İran və bütün Asiyada
işlənən beynəlmiləl bir dil halını da almışdır».
(18; 12)
Keçən əsrin 60-cı illərində «azəri dili» termini
geniş işlənməkdə idi və «Azərbaycan dili», «htürk
dili» ifadələrinə nisbətən daha çox işlənirdi. Lakin
Azərbaycan türklərinə və ümumən türklərə daim qeyri-səmimi
münasibət bəsləyən, tarixin gedişində mütərəqqi
prosesləri daim hindavropalıların xidməti kimi qələmə
verməyə çalışan alimlərin subyektiv mülahizələri
«azəri dili»ni şübhə altında qoya bilmişdir: »İranın
bir sıra burjua tarixçiləri və ədəbiyyatşünasları
Azərbaycan xalqının varlığını danmaqla bərabər,
həm də onun dilini təhrif etməyə sə’y göstərirlər
(Ə.Kəsrəvi, C.Fəqih, M.Məşkur, Ə.Karəng, Ə.Kavyanpur,
Ə.Dehqani, M.Mürtəzəvi, Z.Səfa, R.Şəfəq və b.).
Onlar iddia etmişlər ki, guya Azərbaycanın qədim
sakinləri ancaq İran (ari) mənşəli və İrandilli
etnoslardan ibarət olmuşdur».(11; 110)
İranın tarixçi alimi Əhməd Kəsrəvi Rza şahın hakimiyyətə
keçdiyi və öz diktaturasını möhkəmləndirməyə çalışdığı
XX əsrin 20-ci illərində yazdığı «Azəri ya zəbane
bastane Azərbaygan» əsərində «İran ərazisində yalnız
bir dilin - fars dilinin olduğunu iddia etməklə
hakim Pəhləvi sülaləsinə İranda yaşayan və azlıqda
qalan xalqların ana dillərinin qadağan olunması
üçün şərait yaratmışdır».(11; 111) Ə.Kəsrəvi azəri
dilini fars dilinin bir qolu hesab etməklə daha
mürtəce mövqe tuturdu. Özündən əvvəlki iranşünaslar
adətən monqolların gəlib zorla türk dilini Azərbaycanda
yaydıqlarını iddia etdikləri halda, o, türk dilinin
Azərbaycanda monqollardan sonra, Şah İsmayıl Xətai
dövründə yayılmasını sübuta çalışmışdır. Doktor
Hüseyn Məhəmmədzadə Sədiq Təbrizdə nəşr olunan «Neda-ye
Azərbadeqan» qəzetinin 10 avqust 1999-cu il tarixli
21-ci nömrəsində həmin qəzetin müxbiri ilə müsahibəsində
deyir: «Kəsrəvi və onun davamçıları nə təkcə bizim
türk olmayıb azəri olduğumuzu sübut etmək üçün minlərlə
vərəqə ağ kağız qaraladılar ki, minimum çörəyə çatsınlar,
onlar Rza şaha, Məhəmmədrza şaha məddahlıq edərək
türklərə qarşı düşmənçilik siyasəti yeridərək Azərbaycan
dili, tarixini, milli namus və böyük məqsədləri
sual altına aldılar. Hətta həmin nökərlərdən biri
kitabının giriş hissəsində yazır: «Belə nəticə alırıq
ki, türklər savadsız, maldarlıqla məşğul olan və
avara, evsiz, farslar isə alim, əkinçi və şəhərli
olmuşlar».(19; 39)
Qeyd edilən alimlərin bir qismi Azərbaycan ərazisində
türkləri yerli və gəlmə türklərin birliyi deyil,
İran-fars əhalisi sayır və onların zorla türkləşdirildiyini,
türk dilinin onlara zorla qəbul etdirildiyini iddia
edirlər. Buna görə də Azərbaycan tarixini, Azərbaycan
xalqının mənşəyini, dilini saxtalaşdırmağa çalışan
alimlərdən biri - Ə.Rəzmara azəri dilini türk dili
hesab etsə də, onun zorla qonşu türklərdən mənimsədildiyini,
buna görə də dövlət tədbiri əsasında mütləq dəyişdirilməsini,
əhalinin yenidən fars dilinə qaytarılmasını tələb
edirdi: «Şərqi Azərbaycanın sakinlərinin dili azəri
dili olmuşdur (müəllifə görə azəri dili türk dili
qrupuna daxildir - A.F.). Həmin ərazinin sakinləri
uzun illər ərzində qonşuluq əlaqələri nəticəsində
bu dili onlardan (qonşu türk xalqlarından - Q.K.)
mənimsəmişlər. Belə ki, hazırda da azəri dili orada
fəaliyyət göstərməkdədir. Bu ərazinin dilinin dəyişilməsi
haqqında dövlət tərəfindən ciddi tədbir görülməsinə
baxmayaraq, bu barədə onların fəaliyyəti hələ də
nəticəsiz qalmışdır». (11; 128)
Beləliklə, azəri xalqının - azəri türklərinin mənşəyi
bilərəkdən yanlış izah edilmiş, Səlcuq imperiyası
dövründə və sonralar Səfəvilərin üstün mövqeyi ilə
farsların türkləşdirildiyi, Səlcuqlara qədər Azərbaycanda
türk etnoslarının olmadığı kimi yanlış, savadsız
və qərəzli hədyanlar söylənmişdir. Daim müxtəlif
imperiyalar tərkibində olması nəticəsində Azərbaycan
xalqı öz dilindən az hallarda dövlət dili kimi istifadə
edə bilmişdir. Şübhəsiz, aborigen əhali Manna, Mada
dövründə aparıcı tayfalar olan mannalıların, madalıların
dilindən rəsmi dövlət dili kimi istifadə etmişlər.
Lakin Əhəməni, Sasani imperiyalarının və Xilafətin
tərkibində geniş türkdilli əhalinin işlətdiyi dil
başqa, rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə
davam edən bu prosesi böyük Şah İsmayıl dayandırıb.
Şah İsmayılın göstərişi ilə xalq ilk dəfə öz dilindən
ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə
həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan
türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər.
Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən
almayıblar, heç bir etnosun dilini türkləşdirməyiblər.
1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi
Engelbert Kempfer yazmışdır: «Səfəvilər sülaləsinin
ana dili olan türk danışığı İran sarayında geniş
yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq
dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək
rütbəli və mö’təbər şəxslərin evlərinə kimi yayılmış
və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən
hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır
ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk
dilini bilməmək suç sayılır. Türk dili bütün şərq
dillərindən asandır. Türkcənin danışıq tərzindəki
vüqar və səslənmə əzəməti onun sarayda və səltənət
qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.»(20;
85) «Bu dil ölkə əhalisinin adi danışıq dilindən
seçilir» dedikdə müəllif, şübhəsiz, müəyyən dərəcə
ərəb, fars leksikası qarışmış ədəbi dil ilə geniş
kütlənin adi, sadə danışığını nəzərdə tutmuşdur.
İndi - XX əsrin bu son günlərində 35 milyon əhalisi
olan Cənubi Azərbaycanın dövlət dili fars dilidir,
bu qədər əhalinin ana dilində bir məktəbi yoxdur.
Amma bu o demək deyildir ki, günəşli Azərbaycanın
dili fars dilidir. 1500 il əvvəl Sasanilər imperiyası
tərkibində də bu dil dövlət dili kimi hüquqsuz olmuşdur,
indi də belədir. Xalq öz hüququnu tələb etməlidir.
Kəsrəvilərin və onların sözünə qüvvət verənlərin
mülahizələri yanlış və qərəzli olub, elmə xidmət
etmir. V.V.Bartold, V.F.Minorski, B.V.Miller və
başqaları da Kəsrəvilərin fikrini müdafiə etmişlər.
Azərbaycan tarixçiləri arasında da azəri dilini
İran mənşəli hesab edənlər vardır. «Azəri dilinin
İran dilləri ailəsinə aid olmasına dair elmdə, görünür,
şübhə yoxdur» deyən Ə.S.Sumbatzadə bir tərəfdən
də yazır: «...bütün mənbələr və tədqiqatçılar istisnasız
olaraq onun fars dilindən dərindən fərqləndiyini
qeyd edirlər». (6;49) Fars dilinə qohum dillərdən
heç biri ilkin orta əsrlərdə həmin dildən anlaşılmaz
dərəcədə fərqlənməmişdir. Bu cür fərq yalnız türk
və fars dilləri arasında ola bilərdi və qədim müəlliflər
də bunu qeyd etmişlər. Guya azəri dili ona görə
yoxa çıxıb ki, din dili, mədəniyyət, elm dili olmayıb
və fars dili vasitəsilə assimilyasiyaya uğrayıb,
lakin yüzlərlə elm, din, mədəniyyət və ədəbiyyat
dili olmayan məhəlli dillər yaşayıb. Bu, adi məntiqsizlikdir.
Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, Azərbaycan
dili sahəsində 60-cılar hərəkatı bütün bu fikirlərin
yanlış, qərəzli və qurama olduğunu, Azərbaycan xalqının
dilinin və tarixinin qəsdən saxtalaşdırıldığını
üzə çıxardılar. Bu sahədə Y.B.Yusifov, T.İ.Hacıyev,
Q.Ə.Qeybullayev, M.İsmayıl və başqalarının xüsusi
xidmətləri vardır. Bunlardan biri - Q.Ə.Qeybullayev
yazır: «Bizim Sovet İttifaqında bu vaxta qədər heç
bir türk xalqı hakim İran konsepsiyasının ucbatından
özünün həqiqi qədim tarixini aydınlaşdıra bilməyib.
Bu, tarix elmində monopolizmdir». (21; 283) Bundan
neçə il əvvəl yazıçı İsa Hüseynov elmdə irticaya
qarşı e’tirazını bildirərək «İdeal» romanında yazmışdır:
İngilislər funt-sterlinqi sel kimi axıdırdılar,
bütün Avropanın, özlərinin ən görkəmli arxeoloqlarını,
şərqşünaslarını Cənuba doldurub Pəhləvi şahının
hakimiyyətinin qanuniliyini sübut etməkdən ötrü,
Cənubumuzu Şimalımızdan həmişəlik ayırıb milli azadlıq
ideyalarını boğmaqdan ötrü tariximizin üstündən
qələm çəkib, «Pəhləvi tarixi» yazdırırdılar. ...Hamımız
bilirdik ki, Azərbaycanın tarixi «İran tarixi» kimi
qələmə verilir, dilimiz, dövlətimiz inkar edilir.
Guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də dövlətimiz.
Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı».
(22; 328)