Cənubi Azərbaycan əraziləri müasir insan tipinin
formalaşma arealına düşdüyündən ölkəmizin cənub
vilayətlərində əkinçi və maldar tayfaların məskunlaşması
mezolitdən başlamışdır. Sonrakı bütün beşminillik
yazılı tarix ərzində aborigen Azərbaycan tayfalarının
yaşadığı ərazi şimalda Dərbənd, şərqdə Xəzər dənizi,
qərbdə İkiçayarası, cənubda Həmədanla sərhədlənmişdir.
Aborigen əhali küll halında həmişə öz yerində sabit
yaşamış, əkinçilik və maldarlığın inkişafı ilə ölkəmizin
ərazisindəki əsas tayfaların bir sıra bölümləri
hələ mezolitdən başlayaraq qərbdə Balkana, şərqdə
Altaya, şimalda Qara dənizin yuxarı sahillərinə
qədər yayılmışdır. Şimaldan Dərbənd keçidi ilə,
aşağıdan Xəzərin cənub sahilləri ilə ölkəmizə gələnlər
də çox olmuşdur. Bunlar yalnız türkdilli olduqda
yerli əhali ilə qaynayıb-qarışmış və xalqımızın
etnik tərkibində iştirak etmişlər. Şimalda bir sıra
qafqazdilli, şərqdə bir sıra irandilli tayfalar
xalqımızın əbədi yol yoldaşı olmuşlar.
İnsanın ilkin vətəni Ön Asiya və Aralıq dənizi hüdudları
olduğu üçün bəşər dilinin - ilk ulu dilin dialekt
parçalanması da bu ərazilərdə baş vermişdir. Yer
üzərində yaranmış ulu dilin dialekt parçalanması
e.ə.XII minillikdə başa çatmış, tədricən protodillərdə
dialekt parçalanması başlamış, XII-VI minilliklərdə
müxtəlif dil ailələri yaranmışdır. Dil ailələrinin
yaranması sonralar da davam etmişdir. Çox qədim
etnik bölümlərdən olan hindavropalılarla, samilərlə
birlikdə türk protodili də Ön Asiyada meydana gəlmişdir.
Tarixçilər beş min il əvvəl şumerlərin və akkadların
qonşuluğunda - Cənubi Azərbaycan ərazilərində yüksək
mədəniyyət və siyasi qüvvə kimi meydana çıxan kutilərin,
lulluların, turukkilərin, suların, kasların türk
olduğunu sübut etmişlər. Həmin tayfa dillərinin
yadigarı olan onomastik leksika və bu leksika əsasında
müəyyənləşdirilən qrammatik əlamətlər də onların
düzgün nəticəyə gəldiklərini, bu tayfaların türkdilli
olduğunu sübut edir. İlk bəşər sivilizasiyasının
yaradıcısı olan şumerlər Azərbaycan tayfalarından
ayrılmışlar, etnik tərkib və dil baxımından Azərbaycanın
türk tayfalarından fərqlənməmişlər. Arxeoloji mədəniyyət
göstərir ki, üç min ilin müddətində (e,ə.III-I minilliklər)
Azərbaycanın əsas tayfaları öz yerində olmuş, ölkəmizin
ərazisində yaşayan etnosların tərkibində əsaslı
dəyişikliklər olmamışdır.
Azərbaycan çox qədim insan məskəni olduğu üçün paleolitdən
bu günə qədərki bütün təbii və ictimai proseslərin
izlərini mühafizə edib saxlamışdır. Yerli əhali
ibtidai icma quruluşundan keçərək hələ beş min il
əvvəl özünün ilk dövlət qurumunu yaratmış, beş min
ilin müddətində daim öz sərhədləri, əhalisinin etnik
tərkibi ilə tanınmış və fərqlənmişdir.
E.ə. I minilliyin başlanğıcında ölkəmizin cənubunda
Manna dövləti siyasi fəaliyyət meydanına çıxmışdır.
Bu dövlət lullu, kuti, su, turukki, kassi kimi köklü
və qədim türk tayfalarının dövləti idi. Ölkə ərazisində
əsas tayfaların dili türk dili idi. E.ə. III-I minilliklərdə
Azərbaycan ərazisində hakim sülalələr də həmin tayfalardan
olmuşdur. Müəyyən edilmişdir ki, yer adlarında təmsil
olunmuş sözlər türk leksikasına mənsubdur. Manna
şəxs adları da türk dilləri ilə izah olunur.
E.ə. VI əsrin sonlarında Manna qonşu Mada dövlətinə
qatılmış, öz varlığını onun tərkibində «Kiçik Mada»
(sonralar «Atropat Madası») adı altında qorumağa
çalışmışdır. Mannanın yüksəlişi dövründə - e.ə.
VIII-VII yüzilliklərdə Kür-Araz qovşağı arasında
gəlmə türk tayfalarının - kimmerlərin, skiflərin
və sakların nüfuzu genişlənmiş, onlar Azərbaycan
ərazilərində güclü çarlıq yaratmışlar. E.ə. VI əsrin
ortalarında (550) süqut edən Mada dövləti İran -
Əhəməni imperiyasının hakimiyyətindən asılı vəziyyətə
düşsə də, uzun müddət farslara qarşı azadlıq mübarizəsi
aparmış, əksərən öz müstəqilliklərini mühafizə etmişlər.
Əhali Manna dövründəki etnik tərkibini və dilini
saxlamış, mürtəce konsepsiya tərəfdarlarının iddia
etdiklərinin əksinə olaraq, heç bir dövrdə iranlaşmaya
yol verməmişlər.
E.ə. IV əsrdə ölkəmizin şimalında Albaniya, cənubunda
Atropatena dövləti siyasi həyat meydanında idi.
Hər iki ölkə əhalisinin özəyini türklər təşkil edirdi.
Güclü Hun imperiyasının meydana çıxması ilə (e.ə.
III əsr) türklərin Orta Asiyadan qərbə yeni axınları
başlamış, bütün 1-ci minillik boyu yerli əhali yeni
türk tayfalarını qəbul etməli olmuşdur.
Dilimizin lüğət tərkibi və qrammatik quruluşu Aratta
dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa
dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir.
Müasir dilimizin fonetik sistemi, lüğət tərkibi
və qrammatik quruluşu I minilliyin 1-ci yarısının
məhsuludur. İlkin feodalizm dövründə (III-V əsrlər)
ümumxalq dili kimi təşəkkül tapan bu dilin qol-qanad
açmasında qədim aborigen tayfalarla yanaşı, hun,
savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa
dillərinin böyük rolu olmuşdur. Bu tayfalar eramızın
ilk günlərindən başlayaraq bütün minillik boyu güclü
dalğalarla Azərbaycana daxil olmuş, aborigen qohumları
ilə birləşmişlər.
Manna, Mada dövlətlərinin, Saq-Massaget çarlığının
qüvvətləndiyi vaxtlarda cənub şimalın, şimal isə
cənubun torpaqlarını qismən özünə birləşdirmişdir.
E.ə.IV əsrin ortalarına qədər ölkəmizin şimalı ilə
cənubu Əhəmənilərin asılılığında birlikdə olmuşdur.
Şimalla cənubu daha əsaslı şəkildə birləşdirən Makedoniyalı
İskəndər olmuşdur. İskəndərin ölümündən (e.ə.323)
sonra Atropatena və Albaniya müstəqillik qazansa
da, az müddət sonra güclü Parfiya dövləti tərəfindən
yenidən vahid canişinlikdə birləşdirilmişlər. Hazırkı
türkmənlərin babaları olan türkdilli parfiyalılar
Azərbaycan etnoslarının vahid xalq kimi təşəkkülünü
sür’ətləndirmişlər. Elə bir dövr idi ki, artıq şimal
ilə cənub daim birlikdə olurdu, Araz öz təbii sərhəd
rolunu itirmişdi, qohum etnosların bir xalq kimi
birləşməsi, tayfa dillərinin vahid ümumxalq Azərbaycan
dili kimi təmərküzləşməsi prosesi gedir, bunlar
türkdilli əhalinin daha geniş arenaya çıxmasına
səbəb olurdu. III əsrin əvvəlindən Sasanilər imperiyası
da Azərbaycanın şimalını və cənubunu vahid canişinlik
şəklində idarə edir. Bu dövrdə rəsmi dövlət dili
fars dili olsa da, Azərbaycan artıq çoxdan türklər
ölkəsi kimi tanınmaqda idi. Şimalda mədəni inkişaf
daha sür’ətlə gedirdi. Albanların istifadə etdiyi
əlifba təzələnir, iri tayfalar üçün yeni əlifba
yaradılır, məktəblər nizama salınır. Alban dilində
elmi kitablar yazılır, xristianlığın dini kitabları
bu dilə tərcümə edilir.
Azərbaycan xalqının təşəkkülündə ərazi birliyi,
iqtisadi, inzibati, siyasi birliklə yanaşı, dini
birliyin də əhəmiyyəti böyük olmuşdur. Sasanilər
atəşpərəstliyi dövlətin vahid dini e’lan etmişdilər.
Azərbaycan əhalisi də atəşpərəst idi. Lakin əhali
arasında bütpərəstlər də vardı. Albaniyanın dağlıq
hissəsi xristianlığı qəbul etmişdi. Peyğəmbərin
vəfatından az sonra ərəblər Azərbaycanda islam dinini
yaymağa başlamışdılar.
Qədim ərəb, assur, bizans mənbələrində, bizim elmi-türkoloji
ədəbiyyatda Şimali Azərbaycan əhalisinin dilini
Alban/Arran dili, cənubda işlədilən dili Atropatena/Azərbaycan
dili addlandırmışlar. Bunlar təbii-tarixi prosesin
nəticələrini əks etdirir. «Atropatena» (sonralar
Adzərbayqan - Azərbaycan) və «Albaniya» (Arran)
dili e.ə.IV əsrdən eramızın V əsrinə qədər min illik
yolda daim bir-biri ilə birləşmə, qovuşma istiqamətində
irəliləmiş, III-V əsrlərdə ümumxalq dili şəklində
tam vahid yetkin dilə çevrilmişdir. Doğrudur, lap
sonralar da - XIII əsrdə də ərəbdilli mənbələrdə
«Atropatena», «Arran» sözlərinə rast gəlirik, lakin
Azərbaycanın şimallı-cənublu ərəblər tərəfindən
işğalı, əhalinin islam dinini qəbul etməsi, ölkənin
bütövlükdə Azərbaycan, əhalinin vahid şəkildə azərilər,
hər iki tərəfdə işlədilən dilin azəri dili, türk
dili adlandırılması artıq türkdilli Azərbaycan əhalisinin
ərəb işğalı ərəfəsində bir xalq kimi, türk dilinin
vahid bir dil kimi formalaşmış olduğunu sübut edir.
Bütün təbii-tarixi faktlar göstərir ki, Azərbaycan
xalqının formalaşdığı III-V əsrlərdə onun misilsiz
abidəsi «Dədə Qorqud» da formalaşmış, sonrakı əsrlərdə
Azərbaycan ərazilərini oymaq-oymaq dolaşaraq ümumxalq
dilinin ədəbiləşməsinə xüsusi tə’sir göstərmişdir.
Babək hərəkatının vurduğu zərbə ilə zəif düşən,
sarsılan Xilafət IX-XII əsrlərdə əvvəlcə müstəqil
Azərbaycan feodal dövlətlərinin, sonra Səlcuqların
və Atabəylərin Azərbaycan ərazisində siyasi fəaliyyətinə
mane ola bilməmiş, xalq dilinə meylin siyasi düşüncələrə
tə’siri, milli münasibətlərin dirçəlişi Azərbaycan
yazılı ədəbi dilinin təşəkkülünü başa çatdırmışdır.
Ərəblər Azərbaycana daxil olarkən artıq vahid Azərbaycan
xalqı və onun vahid ədəbi dili inkişaf prosesi keçirirdi
- ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə
xüsusiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə
idi. Türk-azəri dilinin ədəbiləşməsində ən böyük
işi folklor nümunələri görürdü. Mə’lumdur ki, mətbuatın,
radionun, televiziyanın, qurultay və konfransların,
geniş ali və orta məktəb şəbəkələrinin olmadığı
belə bir dövrdə aparıcı qüvvə el sənətkarları, xalq
nağılçıları və ozanlar olmuşlar. Ayrı-ayrı qohum
türk tayfaları min illər boyu yaratmış olduqları
əsatir, əfsanə, rəvayət, nağıl, hekayə və dastanları
böyük maraqla bir-birinə ötürür və bu prosesdə dilin
demokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor
nümunələri də ümumiləşir və bir tayfanın, bir etnosun
yaradıcılıq məhsulu olmaqdan çıxaraq bütün xalqın
ortaqlı mədəniyyət, ədəbiyyat abidəsinə çevrilirdi.
Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı,
varsağı, əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur.
Hazırkı atalar sözlərinin, məsəllərin, alqışların,
qarğışların, vulqar ifadələrin, tapmacaların, bayatıların,
nağılların böyük bir qismi kök e’tibarilə həmin
dövrün məhsuludur.
Folklorun ümumiləşməsi şifahi ədəbi dilin formalaşması
demək idi. Ozanlar və el ədəbiyyatının biliciləri
folklor nümunələrini məhdud şivələrdə deyil, daha
ümumi və aydın bir dildə çatdırmalı olurdular. Dövrün
folklor dili bizim indi zənn etdiyimizdən qat-qat
emosional, ədəbi, ifadəli və zəngin olmuşdur. Bunu
sübut edən ən mühüm vasitə «Kitabi-Dədə Qorqud»
dastanlarının dilidir. Bu dastanların dilini zənginliyinə,
ahəngdarlıq və emosionallığına görə heç bir əsərlə
müqayisə etmək olmaz. Hun imperiyasının meydana
çıxması və oğuzların fəaliyyəti ilə bağlı yaranan,
bir sıra hallarda öz izlərini əvvəlki minilliklərdən
alan bu dastanlar II-V əsrlər arasında formalaşma
prosesi keçirsə də, bugünkü varianta müvafiq şəkildə
tam formalaşma işini VI-VIII əsrlərdə başa çatdırmış,
sonrakı əsrlərdə bə’zi arxaik elementlərin islahı
ilə yanaşı, boylara islam şəxs adları, müsəlman
ayinləri və müəyyən qədər ərəb, fars sözləri əlavə
olunmuşdur.
XI-XII əsrlərdə əvvəlcə Səlcuq dövləti, sonralar
müstəqil Atabəylər və Şirvanşahlar dövlətləri daxilində
Azərbaycanda elmin, ədəbiyyatın, mədəniyyətin, məktəbin
inkişafı daha da sür’ətlənir. Şəhər həyatı, müxtəlif
sənət sahələri, təsərrüfat, başqa ölkələrlə ticarət
genişlənir. Mədrəsələrdə dərs deyən görkəmli yerli
alimlər yetişir. Poeziya farsdilli, elm ərəbdilli
olsa da, bütün bu inkişaf və yeniləşmə türk - Azərbaycan
dilinin qanuni hüquqlarının müəyyən ölçüdə tə’min
edilməsinə səbəb olur. Ana dili mədrəsə və mollaxanalara
yol tapır, yad dillərin öyrənilməsi üçün açar-vasitə
rolunu oynayır. Türk dillərinin müqayisəli lüğəti
tərtib olunur, Azərbaycan toponim, etnonim və antroponimləri
VII əsrdən ərəb əlifbası ilə yazılış tərzini sabitləşdirir.
El şairləri ilə yanaşı, bizə hələlik gəlib çatmasa
da, türkdilli yazılı ədəbiyyat yaranır. Azərbaycan
dili leksikası farsdilli poeziyaya geniş yol tapır.
Farsdilli saray hakimləri türk dilinin saray ədəbiyyatına
ayaq açmasına müqavimət göstərsələr də, artıq anadilli
yazılı ədəbiyyatın inkişafı qarşısına səd çəkmək
qeyri-mümkün olur. Əvvəlki dövrlərdə ana dilində
yaranmış əsərlərin üzü köçürülür. Özünüdərk prosesi
keçirən xalq öz müstəqilliyini öz dilinin təbii
mövqe-müstəqilliyində görür.
Beləliklə, Azərbaycan ədəbi dili Səlcuqların gəlişindən
bir neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar
Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi
dili mövcud idi. Əlimizə hələlik «Dədə Qorqud»dan
başqa bir əsər gəlib çatmasa da, bu dildə zəngin
elmi və bədii ədəbiyyat olmuşdur. Şübhə etmirik
ki, hətta bu ədəbiyyatın ilk nümunələri azı I minilliyin
ortalarına aid olmaldıdır.
Bütün bunların nəticəsi idi ki, eramızın ilk illərindən
təşəkkül yoluna qədəm qoyan Azərbaycan dili I minilliyin
sonlarında artıq türk dilləri ailəsində seçilən
və bir sıra başqa ərazilərin türklərinə ədəbi dil
kimi xidmət edən bir dil idi. Həsənoğlunun qəzəlləri,
«Dastani-Əhməd Hərami», «Qisseyi-Yusif», «Qara məcmuə»
kimi çox az bir qismi gəlib bizə çatan əsərlər Azərbaycan
ədəbi dilinin ilk nümunələri deyil, bir neçə əsrlik
inkişaf yolu keçmiş bir ədəbi dilin nümunələridir.